Yalan ayaq tutar, amma yeriməz...

Semyon Peqov jurnalistikanın bütün prinsiplərini pozub

Rusiyanın mütərəqqi ruhlu media ictimaiyyəti nəticə çıxarmalıdır

Qarabağ cəbhəsindəki acınacaqlı vəziyyət fonunda, bütün döyüş boyu Ermənistan hökuməti və diasporu misli görünməmiş təbliğat maşınını işə saldı və hər yana yalan məlumatlar püskürdü. 44 günlük müharibə dövründə erməni mənbələri nəinki həqiqəti təhrif edirdilər, onlar sadəcə, ümidsiz şəkildə ağ yalanlar danışırdılar. Müharibənin ilk həftələrində erməni təbliğat maşınının silahdaşlarından biri də tanınmış jurnalist Semyon Peqov idi. Təbii ki, müharibənin ilk günlərində “Wargonzo” kanalına bağlanan ermənilər ona səmimi qəlbdən inanırdılar. “Şərəfli qələbə salnaməsini”, “cəsarət və qəhrəmanlığı”nı işıqlandıran Semyon əslində ermənilərn məğlubiyyət salnaməsini lentə alırdı.

O, “sarsılmaz döyüşçülər”in qaçış kadrlarını lentə almaqla bu müharibənin obyektiv mənzərəsi üçün çoxsaylı faktlar qoydu və arxiv məlumat bazasının yaradılmasına əvəzsiz töhfə verdi. Semyonun Şuşa ətrafında “məğrurcasına” döyüşən erməni əsgərləri haqda təbliğat materialı isə əməlli-başlı suya düşdü desək yanılmarıq. Hətta bundan sonra aldadılmış ermənilər  Peqova qarşı cidd təhdidlər yağdırdı. Bütün bu yalanlarından sonra media üzünə çıxan təxribatçı jurnalist yenə də anti-Azərbaycan təbliğatını davam etdirir.

Belə ki, Semyon Peqov "Solovyov Live" verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla "Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi" mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsini başlatmaları barədə müxtəlif təxribat xarakterli ifadələr işlətdilər. Bununla bağlı, artıq Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib. 

Azərbaycan Mətbuat Şurası da “WarGonzo”nun müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib. Müraciətdə vurğulanıb ki, söz və məlumat azadlığının qorunduğu, vətəndaşların öz fikirlərini sərbəst ifadə etdiyi mühitin mövcudluğu demokratizmin mühüm göstəricisidir. Həmçinin qeyd olunub ki, müstəqil Azərbaycan Respublikasında bu, istər hüquqi, istərsə də praktik müstəvidə qəbul edilir: "Ölkəmizdə söz və ifadə azadlığına, jurnalistikanın funksiya və vəzifələrinə münasibət qanunvericiliyin tələbləri ilə yanaşı, müxtəlif situasiyaların təhlilinə, etik prinsiplərə əsasən formalaşır. Özünün qabaqcıl jurnalistika ənənələri ilə seçilən Rusiya Federasiyasında da bu kimi məsələlər fundamental əhəmiyyətə malikdir. Ancaq bizi təəccübləndirən bir sıra məqamlar var ki, müraciətimiz onlardan biri ilə bağlıdır. Söhbət “WarGonzo” layihəsinin müəllifi, Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqovdan, daha doğrusu, bu şəxsin fəaliyyətindən gedir.

Azərbaycan ictimaiyyəti, o cümlədən media ictimaiyyəti qəbul edir ki, hazırda bütün dünyanın diqqət mərkəzində dayanan Qarabağ münaqişəsi kimi problemə münasibətdə fikir müxtəlifliklərinin mövcudluğu təbiidir. İndiyədək ədalətsiz saydığımız çoxsaylı jurnalist məqalələri, reportajlar görmüşük. Ayrı-ayrı siyasi motivlərin aşkar duyulduğu belə yanaşmaları qeyri-obyektiv qiymətləndirsək də, hesab etmişik ki, hər kəsin bizim düşündüyümüz tərzdə düşünməməsi normaldır.

Lakin Semyon Peqovun məsələyə yanaşması fikir müxtəlifliyi ilə bağlı bütün kriteriyaları və normaları aşır. O, Azərbaycan qanunlarına zidd şəkildə Qarabağda fəaliyyət həyata keçirməklə yanaşı, malik olduğu internet resursun köməyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, milli düşmənçiliyin və ədavətin qızışdırılmasına yönələn açıq çağırışlar edir, Azərbaycanın rəsmi qurumları tərəfindən yayılmış məlumatların doğruluğunu əsassız, cəfəng mülahizələrlə şübhə altına alır. Belə yanaşma ümumən Cənubi Qafqaz regionunda davamlı sülhün təminatına, sabitliyin qorunmasına yönələn təşəbbüslərə kölgə salır. Onu da düşünək ki, hazırda bu şəxsin pozmağa çalışdığı sülh və sabitliyin əldə edilməsinə Rusiya dövləti çox ciddi-cəhdlə çalışır, vasitəçi missiyasını konkret işi ilə ortaya qoyur. Semyon Peqovun birtərəfli mövqeyinin, heç bir real fakta əsaslanmayan, təxribatçı düşüncələrinin Rusiyanın nüfuzlu media orqanlarında yayıldığını da görürük. Bu, dərin təəssüf hissi doğurmaqdadır. Bir daha bildiririk ki, onun səsləndirdikləri, irəli sürdüyü iddialar, habelə ona fikir bildirmək üçün yaradılmış şərait söz və ifadə azadlığının, plüralizmin, obyektivliyin göstəricisi sayıla bilməz. Nəzərə alaq ki, Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan halda yaranan haqlı təəssürat budur ki, jurnalist adı ilə hərəkət edən bir nəfər, konkret olaraq Semyon Peqov kifayət qədər həssas bölgədə düşmənçiliyi yenidən alovlandırmaq niyyəti güdür, münaqişənin bu gün üçün əldə edilmiş ən optimal həllinə qarşı çıxır. Onun spekulyativ mövqeyi təhlükəlidir. Azərbaycan Mətbuat Şurası və Azərbaycan jurnalistləri Rusiyanın media ictimaiyyətini, media orqanlarını Semyon Peqov adlı şəxsin jurnalistika adı altında gerçəkləşdirdiyi xoşagəlməz fəaliyyətə biganə qalmamağa çağırır. Bildiririk ki, Rusiya cəmiyyətinin müxtəlif təbəqələri Qarabağla bağlı həqiqətləri görmək, düzgün nəticə çıxarmaq üçün kifayət qədər ciddi resurslara, alternativ mənbələrə malikdir. İnanmaq istərdik ki, onlar ədalət axtarmaq istəyirlərsə, məhz bu resurs və mənbələrə üz tutacaq, Semyon Peqov, eləcə də onun kimilərinin konkret siyasi məqsədlərə hesablanmış mülahizələrindən uzaq duracaq, belələrinə münasibətdə ictimai qınaq tədbirlərini artıracaqlar. Əmin edirik ki, bu məsələdəki prinsipiallıq və qətiyyət həm söz və ifadə azadlığından sui-istifadənin qarşısını almaqdır, həm də Qarabağ münaqişəsinə münasibətdə ədalətli yanaşmaya, bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın təminatına mühüm töhfədir. Bu qətiyyət və prinsipiallıq, həmçinin Qarabağ münaqişəsi müstəvisindəki digər ziyanlı tendensiyaların aradan qaldırılmasına yönələn məqsədyönlü müştərək dəstəkdir. Biz, Azərbaycan jurnalistləri olaraq, Rusiyanın mütərəqqi ruhlu media ictimaiyyətini, kütləvi informasiya vasitələrini bu istiqamətdə həmrəyliyə çağırırıq".

"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov vurğulayıb ki, Peqov Azərbaycan Ordusunun Dağlıq Qarabağda əks-hücum əməliyyatlarına başladığı ilk günlərdən işğal olunmuş ərazilərimizə gəlib. Ekspert bildirib ki,  müharibə dönəmində Peqova Qarabağ separatçılarının ödənişli ruporu rolu tapşırılıb:

"Erməni mənşəli rusiyalı media maqnatı Aram Qabrelyanovun sadiq qulluqçusu olan keçmiş bloger Semyon Peqov öz sahibinin vəsaitləri hesabına jurnalistə və “WarGonzo” layihəsinin müəllifinə çevrilib.

Erməni ideoloji təxribatlarının və Azərbaycana qarşı psixoloji müharibənin aləti kimi yaradılan “WarGonzo” layihəsinin müəllifi Semyon Peqov deyil, əslində Aram Qabrelyanovun özüdür. İnternetdə rusiyalı media maqnatı Aram Qabrelyanovun Peqovu məktəbli kimi danladığı video var. “WarGonzo”nın “V Kontakte” sosial şəbəkəsindəki kanalının administratoru da erməni qadındır. Bu faktı Semyon özü də gizlətmirdi və öz kanalında təsdiq edib ki, ermənilər həqiqətən onun kanalını idarə edir, özü isə yalnız özgə oyunda bir fiqurdur".

"Kanal 5" internet televiziyasının baş redaktoru Siyavuş Əmirli vurğulayıb ki, Semyon Peqov Qarabağda döyüşlər şiddətlənən günlərdən cəbhədən təxribat xarakterli məlumatlar yayırdı.

O bildirib ki, Peqov bir jurnalist olaraq jurnalistikanın tərəfsizlik prinsiplərini pozub: "Bildiyimiz kimi, o, birmənalı olaraq Ermənistan tərəfindən çıxış edirdi və onların mövqeyini müdafiə edirdi. İkinci Qarabağ Müharibəsinə başlamamışdan qabaq əgər xatırlayırsınızsa, iyul hadisələri zamanı Tovuzun Qaraqaya yüksəkliyindən deyilən ərazidə o, reportaj hazırlamışdı. Peqov özünün hazırladığı bədnam videoreportajda Qaraqaya yüksəkliyinin guya ermənilərin nəzarətində olduğunu iddia edirdi. Amma sonradan onun yalanları ifşa olundu. Onun artıq bu reportajından məlum olmuşdu ki, o, açıq-aydın şəkildə Ermənistanın tərəfini tuturdu. Bütün müharibə dönəmindən də onun Ermənistanın əlində bir oyuncaq olduğunu gördük. Baş Prokurorluq tərəfindən ona qaldırılmış cinayət işi düşünürəm ki, təqdirəlayiqdir. Amma fikrimcə, onu bu yolla cəzalandırmaq mümkün olmayacaq.

Amma onun nüfuzuna zərər vurmaqla Peqovun əsl simasını hər kəsə tanıda bilərik. Bu məsələdə jurnalistlərimizin üzərinə böyük iş düşür. Onlar beynəlxalq təşkilatlara müraciət etməli və onun yalançı materialları geniş şəkildə ifşa olunmalıdır".