"Bayden Türkiyənin bölgədə artan nüfuzunu nəzərə almaya bilməz"

Azər Rəşidoğlu: "ABŞ-dakı erməni lobbisi Türkiyəyə təzyiqləri artırmağa çalışacaq"

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ABŞ-la münasibətlərdən danışıb. Nazir bəyan edib ki, Ankara hökuməti Co Bayden administrasiyasındakı həmkarları ilə yaxından əməkdaşlıq etməyi düşünür. Akarın sözlərinə görə, üzdə olan bəzi problemlərin Türkiyə-Amerika münasibətlərinə kölgə saldığı məlumdur. Nazir hesab edir ki, məhz S-400 məsələsi tərəflər arasında böyük problemə səbəb olub: “70 illik iki müttəfiq arasındakı problemləri müzakirə edərkən təhdid dilindən və sanksiya ilə hədələməkdən çəkinmək lazımdır. Türkiyə NATO-nun işinə və əməliyyatlarına hərbi birliklərlə dəstək göstərən ilk beş, eyni zamanda iqtisadi dəstək göstərən ilk səkkiz ölkədən biridir.

30 ölkənin üzvü olduğu İttifaqda fərqli fikir və münasibətlərin olması olduqca normaldır”. Akar vurğulayıb ki, F-35 texnologiyasının təhlükəsizliyi Türkiyə üçün də əhəmiyyətlidir: “Bilirik ki, Amerikanın bu məsələ ilə bağlı narahatlığı var, ancaq biz narahatlıqları aradan qaldırmaqda istəkliyik”. Onun firkincə, NATO-nun gücü ittifaqın xeyrinə olan fikir ayrılıqlarını aradan qaldırmaq iqtidarındadır.

Məlumat üçün bildirək ki, rəsmən elan olunmasa da, ABŞ-ın yeni prezidenti Demokratların təmsilçisi Co Baydendir. Bayden əvvəlki dönəmlərdə Türkiyəyə qarşı mənfi açıqlamalarla gündəmə gəlib. Bəzi politoloqlar Ağ Evin öz xarici siyasətini şəxslər üzərindən həyata keçirmədiyini iddia etsə də, bunun əksini düşünənlər də az deyil. 

Prezident dəyişimindən sonra tərəflər arasındakı əməkdaşlığı “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu hesab edir ki, Co Baydenin hakimiyyətə gəlməsi ilə Vaşinqtonun Türkiyə, Macarıstan və Rusiya ilə münasibətlərində gərginliyin artacağı gözlənilir. Analitikin sözlərinə görə, ABŞ-dakı erməni lobbisi Baydenin prezident seçilməsindən istifadə edərək Türkiyəyə təzyiqləri artırmağa çalışacaq:

“Bayden bütün siyasi karyerası boyunca ermənipərəst mövqe tutub. Onun hakimiyyəti dövründə Vaşinqtonun xarici və daxili siyasətində dəyişiklik baş verəcəyi ehtimalı böyükdür.
Lakin Bayden də digər prezidentlər kimi öz dövlətinin maraqlarını mütləq nəzərə alacaq. Bu baxımdan, yeni prezident Türkiyənin bölgədə artan rolunu nəzərə almaya bilməz. Lakin o, Türkiyədə insan haqları məsələlərinə daha həssas yanaşacaq.

Bu müstəvidə Ankaraya təzyiqlər arta bilər. Hər halda Türkiyə NATO üzvüdür və bu amil kifayət edir ki, Bayden Türkiyəyə qarşı münasibətdə daha yumşaq mövqe sərgiləsin”.