İnsanlıqdan dərs deyənlərin səsi çıxmır

Ermənistanda repressiya baş alıb gedir

Beynəlxalq təşkilatlar isə baş verən hadisələrə heç bir reaksiya vermirlər

Ermənistanda çox dərin siyasi xaos yaşanmaqdadır. Müharibədə rüsvayçı məğlubiyyətə düçar olduğuna görə xalqın qəzəbinə tuş gələn baş nazir Nikol Paşinyan öz kreslosunu qoruyub saxlamaq üçün bütün imkanlarını səfərbər edib. Demək olar, hər gün Ermənistanda bir müxalifət lideri həbs olunur, ağzını açıb Paşinyanı tənqid edən istənilən müxalif ictimai fəal dərhal hakimiyyətin təqiblərinə, repressiyasına məruz qalır. Mətbuat və söz azadlığı tamamilə məhdudlaşdırılıb. Hər kəsin gözü önündə baş verən bütün bu hallara baxmayaraq, cənab Prezidentin də vurğuladığı kimi, Qərb dövlətləri, xüsusən insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar heç bir reaksiya vermirlər. 

Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirib ki, Prezident çox haqlı olaraq Avropa Şurasının adını çəkərək Azərbaycana qarşı həmişə qərəz nümayiş etdirən bu qurumu fakt qarşısında qoyur. Deputatın sözlərinə görə, Azərbaycana xor gözlə baxan, hər fürsətdə bizi qaralamağa çalışan Avropa Şurasının Ermənistan iqtidarının repressiv fəaliyyəti qarşısında səsini çıxarmaması bu qurumun insan hüquqlarından bir siyasi vasitə olaraq istifadə etməsini bir daha sübuta yetirir:

“Başqa vaxt, müsəlman ölkələrində ən xırda hadisələri şişirdərək ciddi hüquq pozuntusu kimi qələmə verən “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar nədənsə Ermənistanda baş verən hadisələrə heç bir reaksiya vermirlər. Bu, ikiüzlülük, riyakarlıq və selektiv yanaşmadan başqa bir şey deyil. Adı çəkilən təsisatlar əgər beynəlxalq etimad qazanmaq istəyirlərsə, mütləq Ermənistan iqtidarının əməllərinə dərhal qiymət verməlidirlər. Əks halda, onlara olan inam və etimad getdikcə tamamilə tükənəcək”. 

Parlament üzvü vurğulayıb ki, tarixən Ermənistan kimi uğursuz ölkələr çox olub:

“Əsasən, inkluziv siyasi-iqtisadi institutların olmamasına görə bəzi dövlətlər həmişə uğursuzluq sindromundan əziyyət çəkiblər. Dövlətləri uğursuz edən əsas amillərdən biri də regional və qlobal inteqrasiya layihələrində iştirak edə bilməmələridir. Konkret olaraq bu tezisə Ermənistan nümunəsindən yanaşsaq, görərik ki, məhz Azərbaycan torpaqlarının işğalı faktı Ermənistanı regionda və dünyada gedən inkişaf tendensiyalarından tamamilə uzaq salıb. Bu ölkənin sərhədlərinin böyük hissəsi məhz Azərbaycan ərazilərinin işğalına görə qapalıdır. Regionda düçar olduğu siyasi-iqtisadi təcrid vəziyyəti Ermənistanı kənar qüvvələrdən tamamilə asılı vəziyyətə salıb. Ermənistan öz müstəqilliyindən məhrum olub”. 

E.Mirbəşiroğlu deyib ki, Ermənistan faktiki olaraq müstəmləkədir:

“Cənubi Qafqazda tam və dərin inteqrasiya proseslərinin getməsi üçün Ermənistan dövləti regionda qonşu dövlətlərə qarşı ədəvətinə son qoymalıdır. Cənab Prezidentin də ifadə etdiyi kimi, Ermənistan Qafqaz bədəninda yad cisim kimi qalmamalıdır. Bundan ötrü işğalçılıq əməllərinə birdəfəlik son qoyub bölgədəki işgüzar münasibətlərə qoşulmalıdır.

Əks halda Prezidentin də ifadə etdiyi kimi hər kəs bilsin ki, biz erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcəyik. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz”.