"Ağdamdan danışmaq - ən böyük haqq əsgərindir"

Qulu Ağsəs: "30 illik həsrətdən sonra uşaqlar üşümür, qalib əsgər nədən üşüyə bilər?!"

"Prezidentin ayaqqabısını çıxararaq məscidə daxil olması... Çox təsirləndim... O evin sahibi bu ölkəni və bu ölkənin bayrağını daim uca edəcək!"


Qulu Ağsəs Ağdamsızlığa 28 il “dözdü”, Ağdamlılığa isə cəmi 5 gün. Qəlbindəki  fırtınanın qarşısını ala bilmədi. Noyabrın 10-u – cənab Prezident xalqa müraciətində erməni silahlılarının Ağdamdan noyabrın 20-si rədd olub gedəcəklərini elan edəndən 5 gün sonra bu şeir doğuldu:   

"Sən öl"ü, "sağ ol"u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan -
                                         şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan -
                                          şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun...
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!..

Çox şey diqqətimi çəkdi bu şeirdə. Ağdam işğaldan öncəki bütün ehtişamı ilə qarşımda dururdu: dünyanı bazara çıxara bilən qüdrətiylə, toylarda atılan tüfəngləriylə, məscidləri, azan səsləriylə, kəhər atlarıyla, Xocalıya yol açan qəhrəmanlarıyla, əsirləri alçaq qonşusundan geri ala bilən ərdəmiylə, 6 min şəhidi, yüz min dəli-dolusuyla Ağa Şəhər!
Yadıma indicə bilirsiniz nə düşdü?.. “Dədə Qorqud”da Qazan xana pusqu quran Şöylü Məliyin dəstəsi hətta yatdığı yerdə də ona yaxınlaşmağa cürət etmir. Əmin olanda ki, möhkəm yuxuya gedib, o zaman üzərinə tor atırlar. Ağdama da erməni dığaları illərlə yaxın düşə bilmədi. Ağa şəhərin üzərinə yeriməyə cürətləri çatmadı. Şəhərin ağa oğulları faktiki əliyalın qorudular şəhərlərini. Düşmən şəhəri işğal etdi, amma yenə ona yaxın düşə bilmədi. Bu şəhər heç vaxt erməninin olmadı! Dağıldı, viran qaldı, amma Ağdam kimi qaldı! Şəhərin işğal illərindəki halı – hansı ki, indi bütün dünyanın gözü önündədir, düşmənə boyun əymədiyinin sübutudur. Boyun əyməyəni məhv etməyə çalışırlar, həmişə. Amma bacarmırlar. Ağdamla da bacarmadılar. Şəhərin sahibləri qayıdıb artıq. Bəs niyə, Uzundərəylə?.. Burda özümü ələ verdim. Ağdamlı olsaydım, Uzundərənin nə demək olduğunu bilərdim. Canı sağ olsun, Ağdamın! Onsuz da hamımız Qarabağlıyıq - Azərbaycanlıyıq!  Nə olar, bu dəfə də Qulu Ağsəs gəlsin köməyə. İzah etsin, bu Uzundərə söhbətini. 

Azərbaycan Ordusu işğala son qoymağa başladığı günlərdə müsahibim olmuşdu Qulu Ağsəs. Demişdi ki, hər gün səhər saat 6-dan xəbər gözləyir. Qələbə xəbərlərini. 28 il həsrətində olduğumuz xəbəri aldıq. Ağdamın, Laçının, Kəlbəcərin də müjdəsi verilmişdi. Bir-bir yerini tutur müjdələr. İndi nəyi, hansı xəbəri gözləyir? Sevilən şairimiz, “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs qələbəsonrası düşüncələri və gözləntiləri haqda “Şərq”ə danışdı.  

-  Əvvəlki həyata heç cür adaptasiya oluna bilmirəm. Döyüş əməliyyatları başlayanda, Vətən savaşı apardığımız bu 44 gündə başqa hisslər keçirirdim, indi başqa. O zaman da həyəcan vardı, sevinc vardı, göz yaşı vardı, indi də. Amma indi 10 qat artıqdı. O günlərdə işğaldan azad olunan şəhərlərin, kəndlərimizin xəbərini alırdıq, şəhidlərimiz, yaralılarımız o günlərdə də vardı. Həm sevinirdik, həm göz yaşımız axırdı. Amma indi fərq bundadı ki, artıq işğala tamam son qoyuldu. Ağdamdakı uşaqlarla (əsgərləri nəzərdə tutur – red.) danışıram, deyirlər, hava istidi. Baxmayaraq ki, yağışlı günlər idi, hava soyumuşdu, deyirdilər, yox, hava əladı. 30 illik həsrətdən sonra uşaqlar üşümür. Qalib əsgər nədən üşüyə bilər?!. Bizim üşüyən dövrümüz bitdi artıq. 

- Kəndin görüntülərini izləmisiniz? 

- Kənddə olan əsgərlərdən birini tapdım, çəkirdi telefonla. Dedim, qağa, bir az biz tərəflərə - sola get. Dedi, sol tərəf, Gülablı ümumiyyətlə dağıdılıb, salamat ev qalmayıb. Abdalda isə 50-70 ev olar, onlar qalıb. Gülablıda  bir məscid qalıb, bir məktəb binası. Hansı ki, üzərinə Azərbaycan bayrağı sancıldı. O məktəb binası yeni tikilmişdi. Mənim oxuduğum məktəb isə onunla üzbəüz idi. Qalmayıb... Məscidi də, dinə hörmət əlaməti kimi saxlamayıblar e, özlərinə lazımmış, hərbi təyinat baxımından, ona görə saxlayıblar. Necə ki, Ağdam məscidindən qüllə kimi istifadə ediblər. Üzərinə çıxıb ətrafı nəzarət altında saxlamaq üçün... Kəndin girəcəyində Alaqapımız vardı. O qapı çox uzundu. Ordan Mərziliyə aparan yoldan dönürsən Bağbanlara. Yol üzü dağlara sarı gedir. Yolun solu Gülablıdı – Qızıl Qaya, Haça qaya... sağ tərəf isə Abdaldı, Ağbulaq, Naxçivanik... 

- Niyə Abdal-Gülablı? İkisi bir yerdə? 

- Sovet illərində bu iki kənd bir sovetlik olub. Kolxozları, sovxozları bir olub. İç-içə olub kəndlər. Adları da qoşalaşıb. 

- Sizin doğum yeriniz Gülablıdı, Abdal? 

- Gülablıdı. Amma Abdallar çox böyük tayfa olublar. Dünyanın bir çox ölkələrində yaşayırlar indi də. O gün Aqil Abbasla danışdım, deyir, kənd elə gözəldi... Ermənilər kənddən çıxmaq istəmir. Abdaldan Gülablıya qaçırlar, Gülablıdan Abdala. Səhv etmirəmsə, 2015-də Abdal-Gülablıda yaşayan bir erməni ailəsindən reportaj hazırlamışdı xarici telekanallardan biri. Ailə üzvləri kəndin sərt təbiətindən danışırdılar. Bilirsiz mənə ən çox təsir edən nə oldu? Erməni  dedi ki, oğlu qəzaya düşüb, onu kənddə dəfn ediblər. Üstündə gəzdikləri bəs deyil, torpağın altında nə gəzir bu erməni?!.    

- Kəndiniz gözünüzün önündədi yəqin. Gözüyumulu gedə bilərsiniz... 

- Xəyalımda kəndimiz tamam başqa obrazla qalıb. Nəyi necə, harda qoyub gəlmişəm, elə düşünürəm, elə xatırlayıram. İşğaldan öncə kəndin içindən “alabaş” avtobus keçirdi. Bizim məktəbimiz qonşu erməni kəndi Noraşenlə bayramlaşırdı. O vaxt belə ənənə vardı. Sonra atışma, müharibə... 1992-ci il mayın 15-də ermənilər kəndi yandırdı. Yerli özünümüdafiə batalyonu kəndə köməyə gəldi. İdman ustası vardı, Ələkbər müəllim, şəhid oldu. Kənd xilas edildi. Ermənilər kəndə daxil ola bilmədi. Sentyabr ayında yenə hücum etdilər, yüksəkliyi ələ keçirdilər deyə, bu dəfə kənd xilas olmadı. Ağdamın işğal olunmuş ilk kəndi Abdal-Gülablı oldu. Ardınca, Mərzili, Şıxbabalı... Noraşen-Gülablı postu yaddaşımdadı. “Azərbaycan gəncləri” qəzetində çalışırdım, reportaj hazırlamışdım, könüllü batalyonlar haqqında. Postda qalmışdım uşaqlarla. Həmin gecə canavar hücum eləmişdi posta. Atlara görə gəlmişdimi, yoxsa, dişinə keçsəydi, adamları parçalayacaqdı, postdakı uşaqlar tüfənglə geri qaytarmışdılar canavarı. Bircə tüfəngləri vardı. Əliyalın camaat idi. Əiiyalın qoruyurdular kəndi. Fazil Mehdiyev şəhid oldu, Azərbaycanın Milli Qəhrəmanıdı. Valeh adında oğlan vardı, qumbara əlində partlamışdı, amma posta qayıtmışdı ki, kəndi müdafiəsiz qoymaq olmaz... Ağdamla bağlı da gözəl xatirələrim var. Ağdam teatrında tamaşalara baxmışam. Nazir Rüstəmov kimi sənətkarı səhnədə görmüşəm. 8-ci sinifdə oxuyurdum, “8 Mart” tədbiri idi, səhnəyə çıxıb şeir dedim. 5-ci sinifdə oxuyanda şeirlərim artıq çap olunurdu. “Tanınırdım”. Rayon tədbirlərinə çağırırdılar. 

- Ağdam, daha çox nəylə qalıb yaddaşınızda? Bəzən sovet illərindəki lentləri göstərirlər. “Çay evi”, “Çörək Muzeyi”... 

- Cənab Prezidentin ziyarət etdiyi məscidin yanında Univermaq olmalıydı. Məscidin solunda kitab mağazası. O mağazada “İdeal”ı 25 rubla satırdılar. Mağazanın müdiri qadın idi. İllər sonra telefonunu tapdım, zəng etdim, ha yadına salmaq istədim ki, sizdən tez-tez kitab alırdım, məni heç xatırlamadı... “Raykom”un binası gözümün önündədi, Dram Teatrı onunla üzbəüz idi. Mehmanxana da vardı. Gülablı sanatoriyasının plakatı vurulmuşdu. Sanatoriyanın ərazisində pioner düşərgəsi də vardı. Dram Teatrından aşağıda “Çay Evi”. O “Çay Evi”nin ən hündür hissəsinə çıxmaq problem idi. Çünki həmişə yerlər dolu olurdu. Bir, ya iki dəfə orda çay içmişəm. Bir kafe vardı, “kojik”lə kakao verirdilər. Hündür, dairəvi stolları vardı, istəyirdim ayaq üstə dayanıb kakao içim, satıcı mənə deyirdi ki, boyun çatmır, get, stulda əyləş. Ağdam bazarında nə istəsən tapa bilərdin. Kərə yağı heç yerdə tapılmayanda Ağdam bazarında tapılırdı. Univermaq da böyük idi. Biri deyirdi ki, filan müğənninin paltarından, ya hansısa xanəndənin geyindiyi kostyumdan istəyirəm, tapıb verirdilər. 

- Ağdam da bərpa olunacaq, işğaldan azad olunmuş bütün şəhərlərimiz, kəndlərimiz. 

- Orası, əlbəttə, elədi. Amma mən demişəm, yenə demək istəyirəm. Ağdam işğaldan əvvəl olduğu kimi bərpa edilməlidir. Mən yeniyetmə idim, Ağdamdan çıxanda. Amma Ağdamı gənc yaşda, orta yaşda tərk etmiş nəsil, həmçinin yaşlı nəsil var, onlar Ağdamı yaddaşlarına necə köçürüblərsə, Ağdam elə olmalıdır. Mütəxəssislər var, Ağdamın sənədləri qalır. Olduğu kimi bərpa etmək çətin iş deyil. Həsən Xəlilov var, müharibə əlilidi. Kişi fenomendi. Ağdamı bütünlüklə beyninə köçürüb. Harda hansı küçə idi, harda nə vardı, nəyin yanında nə idi. Kim evin harda idi, kim kimin oğludu, hətta kimin nə qədər pulu vardı...  Bu adam bir gün də Ağdamsız yaşamadı. Xəyalən ayrılmadı Ağdamdan. Bu, həm tarixi baxımdan düzgün olacaq, həm də evinə, yurduna qayıdanlara toxtaqlıq verəcək. İnsanlar qoyub getdikləri Ağdamı görəcəklər. Həmişəki Ağdam qarşılamalıdır ağdamlıları, yeni Ağdam yox. Qısası, şəxsən mən istəyirəm ki, Uzundərədən daxil olanda, bilim, hiss edim ki, Ağdama gəlmişəm. 

- Bu “Uzundərə” nədi, Qulu müəllim? 

-  Bərdədən Ağdama uzanan yola Uzundərə deyirlər. Çünki həqiqətən də çox uzun yoldu. O yol qurtaranda Ağdam başlayır. Məsəl var e deyirlər, “lap uzundərə elədin”, ordan gələn sözdü. Uzundərədə Şəhidlər Xiyabanı salınmışdı. Xalam oğlu Fəxrəddin də orda uyuyur... 

- İnşəllah, az qalıb. Yəqin məskunlaşmanı, qayıdışı gözləməyəcəksiz. İlk fürsətdəcə gedəcəksiz kəndə. Evinizin yerini tapa biləcəksiniz, yenidən tikərsiniz, inşəllah. 

- Bunlar hamısı düzələn işlərdir. Kəndə gedəcəyik, ev də tikəcəyik. Prezidentin və Mehriban xanımın işğaldan azad edilmiş torpaqlara səfər etmələri, Prezidentin hərbi avtomobili idarə etməyi, Mehriban xanımın səfər boyunca ətrafı görüntüyə almağı, paylaşmağı, bunlar hamısı qələbəmizə xüsusi rəng qatır. Hələ Prezidentin ayaqqabısını çıxararaq məscidə daxil olması... Çox təsirləndim... O evin sahibi bu ölkəni və bu ölkənin bayrağını daim uca edəcək! Mən işğaldan azad olunan hər qarış torpağa görə təşəkkür edirəm. Fərq etməz, bu Ağdamdır, Füzulidir, ya hansısa bir kənd. O gün efirdə də dedim ki, biz daim qələbəyə köklənməliyik. Amma bilməliyik ki, bizim düşmənimiz var. Dedim ki, sizdən çox xahiş edirəm, işğalı unutmayaq! İşğaldan azad edilmiş bütün ərazilərdə, şəhərlərdə, kəndlərdə mütləq bir küçə bütövlükdə indiki halında - necə var, elə saxlansın. Onu hər dəfə görək və düşmənimizi yaddan çıxarmayaq. Bir qonaq, ya turist gələndə də o küçəni  göstərək, işğalı anladaq. İşğal tariximiz silinməsin. Belədə başımızı itirməyəcəyik. Bir də. Çox adam mənə deyir ki, Qarabağdan, Ağdamdan danışmaq sənin haqqındır. Deyirəm, xeyr. Ən böyük haqq əsgərindir. Kim döyüşübsə, istər Birinci Qarabağ savaşında, istərsə də, indi. Kim döyüşübsə, onların haqqıdır! Hamıdan sonda mənim haqqımdı. İstəyirəm, təsis edilən orden, medallar Birinci Qarabağ savaşında şəhid olan, əlil olan, sağ qalanlara da verilsin. Bu, mənim təklifimdi. Çünki bizim bugünkü qələbəmizin əsasını onlar qoyub.