“Füzuliyə səfər edən xarici nümayəndələr şoka düşüblər” – Erməni mifi dağılır !

“Çünki heç Almaniya faşizmi belə bir şey etməyib”

“Düzdür, epizodik hadisələr başqa dövlətlərin də tarixində baş verib. Amma bu qədər vandallıq heç yerdə yoxdur” 

“İndi hər kəs öz gözü ilə gördü ki, özünü sivilizasiyalı, mədəni xalq kimi qələmə verən ermənilər necə vəhşidirlər!”



Erməni vandalizminin 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərimizdə törətdiyi barbarlıqların sayı-hesabı yoxdur. Onlar bu illər ərzində bütün mədəni mərkəzləri, evləri, qəbiristanlıqları dağıtdılar, meşələri məhv etdilər. Bütün bunlar azmış kimi düşmən işğal olunmuş ərazilərimizdən çıxmaq üçün verilən vaxtdan da sui-istifadə edərək şəhər və rayonlarımıza son zərbələrini vururlar.Ermənilərin sözügedən vəhşiliklərini öz gözləri ilə görmək üçün ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin, o cümlədən səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların ölkəmizdəki əməkdaşlarının işğalından azad olunmuş Füzuli şəhərinə səfəri baş tutdu.

Bu səfər Prezidentin köməkçisi Hikmət Hacıyevin təşəbbüsü ilə həyata keçirilib. Məqsəd isə diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistanın işğalçı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etmək idi. Onlar Füzuli rayonunun hər qarışında Ermənistanın müharibə cinayətlərinin izlərinə şahidlik ediblər. Səfərlə bağlı danışan H.Hacıyev qeyd edib: “Azərbaycanda fəaliyyət göstərən hərbi diplomatları bura-Füzuli rayonuna ona görə gətirdik ki, onlar erməni vəhşiliyini, vandalizmini öz gözləri ilə görsünlər".

Məsələ ilııə bağlı “Sherg,az”a millət vəkili Tahir Kərimli qeyd edib ki, hərbi attaşelər və səfirlər Azərbaycan ərazilərinin işğal altında olan zaman  ermənilər tərəfindən xarabalığa çevrilməsi haqqında müəyyən təsəvvürlərə malik idilər. Amma insan psixologiyası tamam başqadır, deyir "sən eşitdiyinə yox, gördüyünə inan". Onlar bu dəfə erməni vəhşiliklərini öz gözləri ilə gördülər:

"Hesab edirəm ki, Füzulinin indiki halını görən xarici nümayəndələrin çoxu şoka düşüb. Çünki heç Almaniya faşizmi belə bir şey etməyib. Düzdür, epizodik hadisələr başqa dövlətlərin də tarixində baş verib. Amma bu qədər vandallıq heç yerdə yoxdur. 

Əslində Azərbaycanın işğal edilmiş hər yanı Füzuli kimidir. İndi hər kəs öz gözü ilə gördü ki, özünü sivilizasiyalı, mədəni xalq kimi qələmə verən ermənilər necə vəhşidirlər!

İşğal edilən hər bir rayon və kəndlərimiz Stalinqradı xatırladır. Hətta onlar ikinci Qarabağ - Vətən müharibəsi zamanı Tərtər rayonunu belə bu hala salmışdılar. Halbuki heç orada müharibə getmirdi. 

Bu səfərlər həm də dünyada erməni mifinin dağılmasına kömək edəcək. 

Məndə olan məlumata görə orada olanlar o qədər təsirlənib ki, heç biri öz gözləri ilə gördüklərini təsvir edib  müsahibə verməyə söz tapmayıblar. 
Bu, gələcəkdə Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün çox böyük addımdır".

Ağarza Elçinoğlu