BNA: "BakıKart"ın balansını internet üzərindən artırmaq mümkün olacaq

Yaxın vaxtlarda "BakıKart" nəqliyyat kartlarının balansının artırılması xidməti internet üzərindən əlçatan olacaq.

"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı, həmçinin "Visa" və "Mastercard" bank kartları vasitəsilə də sərnişin nəqliyyatından istifadəyə görə təmassız ödənişləri aparmaq imkanının yaradılması istiqamətində işlər aparılır: "Layihə bir qədər pandemiya səbəbindən ləngisə də, yaxın zamanda artıq onlayn ödəmə sistemi işə düşəcək, bu da ümumi vəziyyətin yüngülləşdirilməsinə səbəb olacaq".