Dünya bilsin! - "Azərbaycan xalqı mədəni irsə tarixi sərvət kimi yanaşır”

Noyabrın 23-də Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyeva Ağdama səfər ediblər. Ali Baş Komandan Ağdam məscidi qarşısında çıxış edib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan bütün dünyada tolerantlıq, multikulturalizm və milli mədəni irsə hörmət nümunəsidir:


“Bu gün işğaldan azad olunan torpaqların mənzərəsi erməni vandallar tərəfindən bütün dini və mədəniyyət abidələrimizin dağıdıldığını aydın görməyə imkan verir. Müharibə başa çatandan sonra bəzi Qərb liderləri məsələ qaldırırlar ki, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? İslamofob hissləri alovlandıran, İslam müqəddəslərinin təhqirlərinə göz yuman və hətta onları təhqir edənlərə bəraət qazandıran bu şəxslər narahat olmamalıdırlar.

Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır. Azərbaycanda bütün milli azlıqların hüquqlarına, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Azərbaycan xalqı mədəni irsin hər bir nümunəsinə hörmətlə, tarixi sərvət kimi yanaşır, onları qoruyur”.

Həqiqətən də ölkəmiz bütün dünyada mədəniyyətlər və sivilizasiyalararası körpü rolunu oynayır. Lakin işğaldan azad olunan torpaqlarımızda erməni vandalları tərəfindən bütün dini və mədəniyyət abidələrimizin dağıdıldığını görürük. Beynəlxalq qurumlar hər zaman olduğu kimi yenə də səssizlik nümayiş etdirirlər.

Millət vəkili Ramil Həsən “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan çoxmədəniyyətli və çoxdinli ölkə kimi hər kəsə qucaq açan, başqa dinlərə mənsub olanlar şəxslərin inanclarına hörmət və sevgi ilə yanaşan ölkədir. Parlamentari vurğulayıb ki, müzəffər ordumuz 27 il ərzində düşmən tapdağı altında inləyən torpaqlarımızın həsrətinə Ali Baş Komandanın başçılığı ilə son qoyub:

“Bu proses hazırda da uğurla davam etməkdədir. Beynəlxalq qurumlar Azərbaycanın işğal altındakı qədim tarixə malik olan torpaqlarında, məscidlər və dini məbədlərində heyvan otarılmasına göz yumub və səslərini çıxarmayıblar.

Cənab Prezidentin də vurğuladığı kimi, dini məbədlərimizlə bağlı sadəcə monitorinq etməkə kifayətlənən beynəlxalq qurumlar indi dini və tarixi abidlərlə bağlı biz dərs keçməyə çalışırlar.

Bu, əsla alınamayacaq”.

R.Həsən qeyd edib ki, Azərbaycan tolerant bir dövlətdir. Ölkəmiz qədim tarixinin önəmli parçası olan Alban kilsəsi ilə bağlı lazımlı addımları atıb, bundan sonra da atmağa davam edəcək:

“Ali Baş Komandan bu proseslərin yerinə yetirilməsinə xüsusi önəm verir. Şübhəsiz ki, dövlətimiz bundan sonra da  dini tolerantlıq, qarşılıqlı ünsiyyət, dinlərarası konvensiyanın yüksək səviyyədə qorunması ilə bağlı proseslərdə aktiv iştirak edəcək.

Dövlətimiz Qəbələ, Şəki, Qax və Zaqatalada kilsələrin, məbədlərin qorunmasını həyata keçirir.

Eyni zamanda Bakıda erməni kilsəsini təmir edib, içindəki qədim əlyazmaları qoruyub, saxlayırıq. Azərbaycanın qədim parçası olan Alban dövlətinə mənsub kilsələri də göz bəbəyimiz kimi qoruyacağıq. Ölkə başçısının da dediyi kimi, bundan sonra da tarixi və dini abidələrimiz milli sərvətimiz kimi gələcək nəsillərə çatdırılacaq.

Ermənilər açıq-aydın bilməlidirlər ki, bu abidələr onların yox, bizimdir. Onlar sadəcə olaraq həmin abidələri saxtalaşdırmağa cəhd edirdilər. Şükürlər olsun ki, dövlətimizin gücü və qüdrəti bu saxtalığın qarşısını alıb”.