Azərbaycanda yazıçı vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beyləqan bölməsinin sədri, yazıçı Asif Cəfərli vəfat edib.
Bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
Asif Musa oğlu Cəfərov 1959-cu ildə Beyləqan şəhərində anadan olub. “Rəsul Rza” mükafatı laureatı, Prezident təqaüdçüsü və “Novator” qəzetinin təsisçisi və baş redaktorudur.

“Beyləqan V-VII əsrdə”, “Beyləqan VII-XIII əsrdə” “Vətən haradan başlayır”, “Ömrün karvan yolu”, “Xürrəmiliyə gedən yol”, “Qəssab Müsafir”, “Ana həsrəti”, “İslamın böyük övliyası”, “Qarabağda xiristian abidələrinin öyrənilməsi”, “Erməni xisləti, erməni yolu”, “Dünyanı əbədi məhəbbət yaşadacaq”, “Dünya bizə görüş yeri”, “Salam Dünya”, “Sevgim Allaha qədər”, “Ruhum mənim qonağımdı”, “Bu da bir yaşamdı”, “Həqiqət sübh işığı”, “Dağlar oğlu”, “Mücirəddin”, “Beyləqan Səlnaməsi”, “Günahlara pəhriz tutaq”, “Mükafatdan yaranmış dövlət”, “Səma şairi” kitablarının müəllifidir.

A.Cəfərli bir dramaturq kimi Azərbaycan ədəbiyyatına töhfələr verib. Onun “Xocalının naləsi, ananın fəryad səsi”, “Ay şəhid Qaradağlım, şəhid Qarabağlım”, “Ana həsrəti”, “Sən qalib gələcəksən”, “Apar məni yurduma”, “Dağlar oğlu”, “Şəhidlər torpağın daş kitabəsi” əsərləri Beyləqan, Füzuli, Lənkəran, Ağdam Dövlət Dram və Xalq Teatrlarında, “N” saylı hərbi hissələrdə səhnəyə qoyulmuşdu. “Apar məni yurduma” pyesi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin keçirdiyi vətənpərvərlik mövzusunda müsabiqədə yer tutaraq Azərbaycan Dövlət akademik Dram Teatrında oynanılıb.

Allah rəhmət eləsin.