“Qarabağda patrul xidmətini Türkiyə və Rusiya həyata keçirəcək” – AKTUAL 

“Azərbaycan və qardaş Türkiyənin regiondakı, dünyadakı gücü günü-gündən artır”

 “Biz bundan sonra da sülhün qorunmasına töhfə verəcəyik”


Türkiyənin milli müdafiə naziri Hulusi Akar yerli NTV kanalına verdiyi müsahibədə Qarabağa sülhməramlıların yerləşdirilməsinə diqqət çəkib. O, həmçinin Qarabağda yaradılacaq müşahidə postları arasında patrul xidməti aparılacağını vurğulayıb: “Qarabağda atəşkəsə nəzarət mexanizmləri barədə Rusiya ilə əməkdaşlığımız davam edir”.

 Görünür, qardaş Türkiyə sonadək yanımızda olmaqda, iştirakçılardan biri kimi qalmaqda qərarlıdır. Sağ olsun! Var olsun!



Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bu məsələ barədə fikirlərini “Sherg.az”la bölüşüb: 

“Patrul xidməti azərbaycanlıların və ermənilərin birgə yaşadığı ərazidə sülhü, əmin-amanlığı təmin etməkdən ötrüdür. Bunu Türkiyə və Rusiya tərəfləri birgə həyata keçirəcək.

Azərbaycanın həmişə sülh tərəfdarı olduğu, heç vaxt atəşkəsi pozmadığı hamıya məlumdur. Ermənistan isə nəticə çıxarmalıdır. İkinci bir tərəfdən isə sözügedən məqam Azərbaycanın daxili məsələsidir.

Fikrimcə, bir müddətdən sonra sülh yaratma prosesinə ehtiyac qalmayacaq. Bizim üçün qırmızı xətt var- istədiyimiz sadəcə ərazi bütövlüyüdür. Başqa istəyimiz yoxdur. Həmişə humanistliyə sadiq qalmışıq. Əgər ermənilər bizim qanunlarımız, bayrağımız altında yaşamağa razı olacaqlarsa, Qarabağda qalacaqlar.  Əks halda 30 kilometr o tərəfə-öz ölkələrinə gedəcəklər.

Amma erməni xalqının başqa fikrə düşəcəyinə inanmıram. “Qaşınsalar”  cəzalanacaqlar. Azərbaycan və qardaş Türkiyənin regiondakı, dünyadakı gücü günü-gündən artır. Biz bundan sonra da sülhün qorunmasına töhfə verəcəyik”.