Həyatda aktyorluğu bacarmayan AKTYOR –  Əjdər Həmidovdan danışırlar 

24 noyabr tarixində Azərbaycan incəsənəti qəfil bir xəbərlə sarsıldı. Səhnəmizin çinarlarından biri aktyor Əjdər Həmidov vəfat edib. Bu ani ölüm hər kəsi olduqca üzüb. Bizi də həmçinin... Hələ 20 gün öncə sənətkar “Şərq”lə həmsöhbət olub. Deyib ki, o gün olsun Şuşada görüşək. Əjdər müəllim, Şuşanın qurtuluşunu, böyük qələbəmzi gördü. Nə xoş ki, rahat köçdü dünyadan. Elə deyəsən mətbuata son açıqlamasını da bizə verdi... Bir az da həyat və yaradıcılığından danışaq. 

Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunda anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov burda bir sıra maraqlı rollar oynayıb. Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanıb.

Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Bu illər ərzində tamaşaçıların qəlbində taxt quraraq, müxtəlif janrlı obrazlar yaradıb. Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu rollar canlandırıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirib. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Onun uğurlarından, sənətindən hamımız xəbərdar idik. Bir də yüksək insani keyfiyyətlərə malik olduğu deyilir, yazılır. Əjdər Həmidov haqqında danışdığım bütün sənətkarlar eyni sözü təkrarladı: gözəl insan idi...


“Onun ünvanına ancaq xoş sözlər yazırlar”

Xalq artisti Firəngiz Mütəllimova da belə söylədi. Hələ də bu ani ölümə inana bilmədiyini vurğuladı:

“İnanırsız, şokdaydım. Xüsusilə də bu il onunla birgə daha çox tamaşalarda oynadıq. Məsələn “Almaz”, “Qarabağnamə”. Sakit insan, gözəl dost, istedadlı aktyor idi. İnstaqram səhifəmdə paylaşdım, onun ünvanına ancaq xoş sözlər yazırlar. Heç kimlə işi yox idi, intriqalara baş qoşmazdı. Başını aşağı salıb, işi ilə məşğul olurdu. Həm də mənim üçün əziz dost, sənət yoldaşı idi. Biz yaxın idik, gediş-gəlişimiz vardı. Düzdür, son vaxtlar səhhəti ilə bağlı çox görüşüb, danışa bilmirdik. Amma mən Prezident təqaüdünə layiq görüləndə şokalad alıb, gəldi. Belə insan olub. Özümə gələ bilmirəm, təəccüb içindəyəm. Allah ailəsinə, övladlarına səbr versin. Heyif, çox yaşaya bilərdi. Hamı pis olub ki, Əjdər qəfil səssiz-səmirsiz vəfat edib. Çox ani oldu. Sabir dedi ki, Əjdər insult keçirib, xəstəxanaya  aparıblar. Zəng vurdum, götürmədi. Dedim, yəqin reanimasyadadır. Sonra ölüm xəbərini aldıq. Allah rəhmət eləsin. Sanki ağacdan bir-bir yarpaqlar tökülür. Hər yadıma düşdükcə ürəyimdə nə isə qırılır”.



“O tək teatrda deyil, kinoda da böyük uğurlar əldə edib”

Aktyor, xalq artisti İlham Namiq Kamal da həmkarı haqqında xoş fikirlər söylədi:

“O az saylı aktyorlardan biri idi ki, ancaq öz işi ilə məşğul olardı. Heç vaxt özünü gözə soxmazdı, yaxud da hardasa dəstə qurmazdı. Bilirsiz, bütün mənfi xüsusiyyətlərdən çox uzaq insan idi. Sənətkar, peşəkar aktyor olub. Düşünürəm ki, Azərbaycan xalqı da, tamaşaçısı da onu şirin, maraqlı rolların ustası kimi yadda saxlayacaq. O tək teatrda deyil, kinoda da böyük uğurlar əldə edib. O qədər səmimi insan idi. Elə bir bayram, şad gün olmazdı ki, zəng vurub, təbrik etməsin. Daim xoş sözlər deyərdi. Belə səmimi insanlar dünyada azdır. Heyfislənirəm ki, Əjdər Həmidov hələ uzun illər Azərbaycan teatrında və kinosunda maraqlı işlər görə bilərdi. Amma elə məsələlər var ki, onun qarşısında hamı gücsüzdür. Müəyyən xəstəliklərlə əlaqədardır. Mən də Əjdərin yaxınlarına baş sağlığı verirəm. Məzarı nurla dolsun. Yüzlərlə sənət adamı vardı ki, Əjdər Həmidova böyük rəğbət bəsləyirdi. Ailəsinin, balalarının həmişə şad günləri olsun. Bilsinlər ki, Əjdər Həmidov səhnədə aktyor idi. Həyatda aktyorluq etməyən şəxsiyyətlərdən biridir. Övladlarının alınları açıq olsun. Çünki ataları həqiqətən peşəkar insan idi. Həyatda da necə adam olmağını isə onlar məndən yaxşı bilir”.



“İndiyənə qədər Əjdərin xəstəliyinin olduğunu bilmirdim”


Aktrisa Afaq Bəşirqızı isə üzüntüsünü dilə gətirərək bildirib ki, o, mərhumla bir teatrda işləyib:

“Ağır itkidir. Əjdərin yaxşı filmləri, rolları var idi. Arzuolunmaz, qəfil bir hadisə baş verdi. Eşidəndə məəttəl qaldım. Çünki indiyənə qədər Əjdərin bir xəstəliyinin olduğunu bilmirdim. Ona görə ağlıma gəlməzdi ki, belə bir şey olar. Allah rəhmət eləsin”.



“İncəsənətdə Əjdərin yeri həmişə bilinəcək”

Aktyor Valeh Kərimov da Ə.Həmidovla xatirələrindən danışıb:
“Allah ona rəhmət eləsin. Çox gözəl insan və dost idi. Biz onunla yoldaşlıq etmişik. Sumqayıt teatrında işləyirdim. O da universiteti bitirib, təyinatla ora gəldi. Bir yerdə çox işlərimiz olub. Həm tərəf müqabili olmuşuq, həm də tamaşamda iştirak edib. Onu da deyim ki, Əjdər yaxşı ata, ailə başçısı kimi bilinirdi. Hərtərəfli insan, istedadlı sənətkar idi. Sənətdə də tanınırdı, sanballı rolları, filmləri var. İncəsənətdə Əjdərin yeri həmişə bilinəcək. Teatrda iz qoyan rollar canlandırıb. Teatr kollektivi tərəfindən də sevilirdi. Hər insanın xeyrinə, şərinə yarayırdı. Əjdər haqqında çox xoş söz demək olar. Məkanı cənnət olsun”.

Hazırladı: Samirə Ərəbova