Osman Qazinin, Fatih Sultanın azərbaycanlı məzar "yoldaşı" - FOTOLAR

Hacı Səid Ünsizadənin İstanbuldakı məzarı baxımsız qalıb

Mətbu fəaliyyət insandan fədakarlıq tələb edir. Bu, ömrünü cəmiyyətinə, xalqına qurban vermək deməkdir. Nəinki əzizlərini, bir çox hallarda özünü belə, ikinci plana qoymalı olursan. Çünki ən prioritet məsələ maarifçilik missiyası, xəbərləmədir. XIX əsrdə ard-arda nəşr olunan üç qəzetin - “Ziya”, “Ziyayi-Qafqaziyyə” və “Kəşkül”ün təsisçiləri olan Ünsizadə qardaşları, o cümlədən Səid Ünsizadənin fədakarlığı mətbuatımıza xidmətləri qədər çoxdur. Bəli, adı əbədi yaşayır. Amma... Bax, bu “amma” o qədər də ürəkaçan deyil. Belə ki, İstanbulda vəfat edən, orada da dəfn edilən Səid Ünsizadənin qəbrinin harada olduğu uzun müddət naməlum qalıb.

Deməli, qəbrinin üstünə bir gül qoyan da olmayıb...Bir müddət əvvəl soydaşlarımız, Türkiyə Atatürk Universitetinin doktorantı Nurlan Ağa və Eskişehir Anadolu Universitetinin doktorantı Maral Nəcəfli qərib məzar axtarışına başlayaraq bir vətəndaş kimi tariximizə öz töhfələrini verməyi qərara almışdılar. Çox keçmədən müsbət nəticə əldə edildi. Daha Səid Ünsizadənin harada uyuduğunu bilirik...



 Həmvətənlərimiz bu barədə daha ətraflı “Sherg.az”a danışıblar. Nurlan Ağa mütəfəkkirimizə verilən dəyəri bu sözlərlə ifadə edib:

“Səid Ünsizadənin məzarını üç il əvvəl kötücəsi Zaur Ünsizadə tapıb. O, Fatih məscidinin hazirəsində dəfn edilib. 130 nömrəli həmin məzarlıq adsız, kimsəsizdir. Ətrafda Türkiyə tarixinin dahilərinin, o cümlədən Fatih Sultan Mehmetin, Qazi Osman Paşanın türbələri var. Dövrünün ən görkəmli alimləri məhz burada uyuyurlar. Yəni heç də hər insan Fatih məscidinin hazirəsində torpağa tapşırılmır. Bax, elə bu faktın özü Səid Ünsizadəyə verilən dəyərin, qiymətin göstəricisidir. Qeyd edim ki, Səid bəy vəfat edəndə, yəni 1905-ci ildə Osmanlı hakimiyyətində Sultan II Əbdülhəmid idi. Şəxsən onun tapşırığı ilə bu dahi insan adıçəkilən məzarlıqda dəfn edilib. Amma həmin yerdə qəbirlərilə rastlaşa bilməyəcəyimiz onlarca Osmanlı dahisi var. Deməli, Səid bəy çox böyük hörmət, nüfuz sahibi idi”.



N.Ağa məzarlıqla bağlı görəcəkləri işlərdən də söz açıb:

“Bir həftə, on gün əvvəl məzarı ziyarət etdik. İsimsiz idi. Üzərindəki yazılar oxunmurdu. Amma “məni tanımaq istəyən kitabxanaları gəzsin” cümləsi müəllifin Türkiyədə xeyli əsərlərinin olduğunu göstərir. Deməli, bizə çox böyük bir irs qoyub. Həmin yazıları araşdırmaq, tədqiq etmək lazımdır. Bu, görüləcək işlərin ikinci mərhələsidir. Yəni təkcə məzarın restavrasiyası ilə iş bitmir. Məzar rəsmi qeydiyyatdan keçməyib, üzərindəki daş lövhədə kimə aid olduğu qeyd edilməyib və dediyim kimi, yazılar silinmək üzrədir. Bu məsələləri həll etməkdən ötrü İstanbul böyük şəhər bələdiyyəsinə məktub ünvanladıq. Cavabda rəsmi müraciətin lazımlılığı göstərilib. Ardınca Azərbaycanın Ankaradakı səfirliyinə və İstanbuldakı baş konsulluğuna həm poçtla, həm də elektron məktub göndərdik. Məlum oldu ki, rəsmi müraciət, həqiqətən, şərtdir. Fikrimcə, Azərbaycan Mədəniyyət Nazirliyi, parlamentin Mədəniyyət komitəsi, diaspor komitəmiz bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Rəsmi müraciətdən sonra işimizi uğurla bitirdiyimizi düşünə bilərik. Çünki nə məzara daş lövhə qoymaq, nə yazını bərpa etmək, nə də onu qeydiyyata saldırmaq çətindir”.



Maral Nəcəfli isə bildirib ki, məzarın yerini tapmaq heç də asan olmayıb:

“Ora iki dəfə getdik. Birinci cəhdimizdə nə qədər axtarsaq da, məzarı tapa bilmədik. İkincidə isə pandemiya ilə əlaqədər türbələrə girilməsinə icazə verilməməsinə rəğmən, mühafizə əməkdaşları bizə çox kömək etdilər. Onlara minnətdarıq. Düzdür, məzarlıq özü baxımlıdır. Hər halda İstanbul fatehi burda dəfn olunub. Amma təəssüf ki, Səid Ünsizadə qəbrinin üstündə ad yoxdur, yəni kimə aid olduğu göstərilmir. Üstəgəl, Osmanlı əlifbası ilə yazılmış cümlələr oxunmur”.

M.Nəcəflinin sözlərinə görə, Səid bəyin qəbrinin restavrasiyası illər əvvələdək sadəcə arzu idisə, indi reallığa çevrilib:

“İlk dəfə təxminən üç il əvvəl  jurnalist yoldaşımız Sevda Ulutaunun “Kaspi” qəzetində dərc olunmuş yazısı ilə bu məsələ gündəmə gəlmişdi. O, Zaur Ünsizadədən müsahibə almışdı. Həmin vaxt əlimizdə sözügedən materialdan başqa heç nə yox idi. Lakin biz onun əkdiyi toxumları cücərtməyə qərar verdik.



Beləliklə, Səid Ünsizadənin kötücəsilə danışdıq və bəlli oldu ki, məlum məsələyə dair  dəfələrlə müraciət edilsə də, onlar qeyri-rəsmi olduğu üçün kifayət qədər tutarlı hesab edilməyib. Müvafiq işləri gördükdən sonra millət vəkili, dəyərli ziyalımız Sabir Rüstəmxanlı ilə əlaqə saxladıq.

O, əlindən gələni əsirgəməyəcəyini, o cümlədən Ankara səfirliyinə məktub yazacağını dedi. Sağ olsunlar, Azərbaycandakı aydınlar və mətbuat adamları bizə çox dəstək verirlər. Deməli, Səid bəyin qəbrinin bərpası artıq arzu yox, reallıqdır.

Bu bizim tarix qarşısında borcumuzdur. Çünki Səid bəylərin qoyduğu zəminin üzərində addımlayırıq. Keçmişinə güllə atanın gələcəyi topa tutacağını unutmayaq”.