Yeni orden və medallar: “Bu, qəhrəmanlara verilən dəyərin bir parçasıdır”

Bu günlərdə Milli Məclisin iclası zamanı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununa dəyişiklik edilməsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, hazırda Azərbaycanın 10 ordeni və 64 medalı var: 


“Prezident İlham Əliyev tərəfindən daha 2 orden, 15 medalın və bir yeni adın təsis edilməsi təklif edilib. Hazırda Azərbaycan Respublikasının ən yüksək təltifi Heydər Əliyev Ordenidir.  

Təklif edilir ki, ikinci ən yüksək təltif “Zəfər” Ordeni olsun, həmçinin “Qarabağ” ordeninin təsis olunması nəzərdə tutulur. Medallarla bağlı isə “Vətən müharibəsi Qəhrəmanı” medalı xüsusi əhəmiyyət kəsb edir. Bu medal Vətən müharibəsi adının fərqlənmə nişanıdır.

“Vətən müharibəsi Qəhrəmanı” adı düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsinə görə veriləcək. Vətən Müharibəsi Qəhrəmanı adı almış şəxslər qanunla müəyyən edilmiş güzəştlərdən istifadə edəcək. Bu, sonrakı qanun layihələrində əksini tapacaq”.

Millət vəkili Musa Qasımlı “Sherg.az”a bildirib ki, yeni orden və medalların təsisi barədə qanun layihəsinin cənab Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilməsi və qəbulu böyük əhəmiyyət daşıyır:

“Çünki Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz təcavüzkar Ermənistan silahlı qüvvələrini döyüş meydanında əzərək, işğal altındakı ərazilərimizi qəhrəmanlıqla azad edib.

Bu şücaəti göstərən şəxslərin təltif edilməsi onların qəhrəmanlığına verilən dövlət qiymətinin bir parçası olacaq.

Eyni zamanda gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə təsir edəcək, milli- mənəvi ruhu gücləndirəcək”.