Paşinyan tezliklə hakimiyyətdən getməyəcək

İndi çökmüş Ermənistanda vəziyyəti sabitləşdirmək üçün böyük maliyyə dəstəyi lazımdır, o da Rusiyada yoxdur

"Ermənistanın kapitulyasiyasını, Azərbaycanın isə Qələbəsini rəsmiləşdirən Bəyanatdan sonra İrəvanda başlayan iğtişaşların Paşinyanın hakimiyyətdən gedəcəyi ilə nəticələnəcəyini düşünürdük. Ancaq hadisələrin sonrakı gedişatı bunun əksini göstərdi".

Bu sözləri politoloq Xəyal Bəşirov deyib.
Politoloqun sözlərinə görə, regionda, xüsusilə də Ermənistanda gedən proseslərin gedişatı göstərir ki, Rusiya ilə Qərb Paşinyan məsələsində razılığa gəliblər:
"Görünən odur ki, Rusiya ABŞ və Fransa olmadan münaqişənin həllinin son mərhələsi ilə bağlı ağsaqqallığı öz üzərinə götürməklə Paşinyanın hakimiyyətdə qalmasına müvəqqəti də olsa göz yumdu. Çünki V.Putin Paşinyanın hakimiyyətdən getməsi məsələsini məğlub Ermənistanda istənilən vaxt reallaşdırmağın mümkünlüyünü anlayır". 

X.Bəşirov bildirib ki, Ermənistanda baş qaldıran iğtişaşlar pərakəndə şəkildədir və bir mərkəzdən idarə olunmur:

"Hətta bu proseslərə açıq şəkildə rəhbərlik edən də yoxdur. Məhz bu amil də göstərir ki, Ermənistan əhalisi Paşinyanın getməsini istəsə də, Soroslar və digərləri onun getməsini hələ istəmirlər. Həm də burda başqa bir faktor da var. Ermənistanda hazırkı ictimai, siyasi, iqtisadi və sosial inflyasiyanı müəyyən qədər də olsa sabitləşdirmək üçün maliyyə dəstəyi lazımdır. Bu maliyyə də Rusiyada yoxdur. Çünki onun özünün kifayət qədər xüsusilə də post-pandemiya qabağı ciddi maliyyə problemləri  var. Görünür ki, bu dəstəyin göstərilməsini Qərb üstlənib, Paşinyanın hakimiyyətdə qalması müqabilində. Düşünürəm ki, hər bir halda siyasətdən başqa hər bir işlə məşğul olan və Azərbaycandan güclü zərbə alan Paşinyanın hakimiyyətdə qalması bizi də qane edir. Ən azından o, məhz Azərbaycana böyük hesabla məğlub olan, Ermənistanın məğlub rəhbəridir".