Bir az gecikmə var ! Amma mütləq Türkiyə hərbçiləri Azərbaycana gələcək 

Ankaranın Azərbaycandakı fəaliyyətini Rusiya ilə koordinasiya etməsi, bəzi məsələlərdə ümumi razılığa gəlməsi anlaşılandır

Türkiyə ilə Rusiyanın birgə fəaliyyəti Suriyadan hər kəsə məlumdur. Yaxın Şərqdə baş verən proseslərə nəzarət etmək üçün hər iki dövlətin hərbçilərindən ibarət birgə patrul xidməti bölgədə sabitliyin qorunub saxlanmasında mühüm rol oynadı. Ekspertlərin fikrincə, birgə nəzarət Dağlıq Qarabağa da tətbiq oluna bilər. Məhz problemin həlli ilə bağlı atəşkəsin əldə olunmasından sonra Türkiyə və Rusiyaya məxsus hərbçilərin prosesə birgə nəzarət edəcəkləri bildirilib.

Hətta tərəflər arasında birgə patrul xidmətinin həyata keçirilməsini özündə əks etdirən anlaşmanın imzalandığı da deyilir. Təbii olaraq, Azərbaycan xalqı qardaş ölkə hərbçilərinin bir an öncə Azərbaycana, Qarabağa gəlişini səbirsizliklə gözləyir. Lakin hüquqi prosedurlardan qaynaqlanan müəyyən yubanma ictimaiyyətdə müzakirələrə, qismən isə narahatlığa səbəb olur. Çünki Rusiya tərəfi Türkiyə ilə müzakirələri hər vəchlə uzatmağa çalışır. 



Məsələni “Şərq”ə dəyərləndirən AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, Türkiyənin İkinci Qarabağ müharibəsində hər baxımdan Azərbaycanın yanında olması, dəstək göstərməsi Ermənistan üzərindəki sarsıdıcı qələbəmizdə müstəsna rol oynayıb. Partiya rəhbəri bildirib ki, Türkiyənin konfliktin həllində həyata keçirdiyi ədalətli missiya göstərdi ki, Bakı-Ankara arasındakı münasibətlər iki dövlətin əməkdaşlığından daha üst səviyyədədir:

“Türkiyə silahlı qüvvələri Azərbaycana gələcək. Bu məsələnin gecikməsindən yaranmış nigarançılığa əsas görmürəm. Əmin olun ki, Türkiyə rəhbərliyi ordusunun Azərbaycana gəlməsi məsələsində bizdən daha çox səy göstərir. Qardaş ölkənin Qarabağ qayğısı heç də bizdən az deyil. Əgər Türkiyə sülhməramlılarının bölgəyə gəlişində müəyyən yubanma varsa, deməli, indiki halda Azərbaycanın maraqları bunu tələb edir.

Şübhə yox ki, iki ölkənin liderləri arasında mütəmadi məsləhətləşmələr aparılır və ortaq qərarlar alınır. Ona görə də narahatlığa ehtiyac yoxdur. Əlbəttə, regionda əsas söz sahiblərindən biri də Rusiyadır.

Türkiyənin Azərbaycandakı fəaliyyətini Rusiya ilə koordinasiya etməsi, bəzi məsələlərdə ümumi razılığa gəlməsi anlaşılandır. Əgər Cənubi Qafqazda sülhün qalıcı olmasını istəyiriksə, o zaman Rusiyanın prosesdə iştirakını qəbul etməliyik.

O da məlumdur ki, Moskva Türkiyənin bölgədə güclənməsindən narahatdır və bunu istəmir.

Buna baxmayaraq, Kreml praqmatik siyasət yürüdür və regionda Türkiyənin varlığını qəbul edir. Yaxın Şərqdə, Liviyada Türkiyə ilə hesablaşan Rusiya Dağlıq Qarabağ məsələsində də qardaş ölkə ilə dil tapacaq.

Azərbaycan çalışmalıdır ki, məhz Rusiya və Türkiyənin ümumi razılığı ilə öz ərazi bütövlüyünü birdəfəlik təmin etsin.