“Hər gün göyərti və limondan istifadə edin” - Virusdan qoruyur !

Dünyanın baş bəlasına çevrilən koronavirusa yoluxanların sayı günü-gündən artmaqdadır. Hər birimiz buna daha çox diqqət etməli, lazımi qaydalara əməl etməliyik. Təəssüf ki, çoxları  bu qaydalara məhəl qoymur. Nəticədə yoluxma sayı artır. Elə dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb. 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib. Bu səbəbdən qaydalar yenidən sərtləşdirildi. Artıq açıq havada da maskadan istifadə məcburidir. Halbuki hər kəs qoyulan qaydalara, qadağalara riayət edərək mübarizə aparsa, koronavirusa qalib gəlib, əvvəlki kimi koronavirussuz, maskasız həyatımıza dönə bilərik. 

Bununla bağlı "Sherg.az"a danışan Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri Sveta Rəfiyeva bildirib ki, koronavirus infeksiyasının sürətlə yayılmasının bir sıra səbəbləri var:

“Əvvəla,  havalar soyuyub, havalar soyuyarkən nəinki mövsümi qrip, istənilən xəstəlik aktivləşir. İkinci bir tərəfdən, doğrudan da ordumuzun qələbəsi, torpaqlarımızın azad olunması  xalqımız, millətimiz üçün çox böyük şadyanalıq oldu və bunu qeyd etməmək olmazdı.

Mən belə hesab edirəm ki, insanların kütləvi şəkildə maskasız Qələbə Gününü qeyd etmək üçün küçələrə axışması da virusun artmasında rol oynayır. Çünki xəstəliyin inkubasiya  dövrü təxminən iki həftəyə yaxındır. Bugünkü gün də biz bunun nəticəsini görürük. 

Gördüyümüz kimi yenə də xəstəlik yayılıb. Məqsədimiz xəstəliyin daha çox yayılmasının qarşısını almaq və virusa yoluxanların xəstəliyi daha yüngül keçirməsidir. Bunun üçün hər bir insan şəxsi gigiyena qaydalarına riayət etməli, ətrafdakıları qorumalıdır. Əlbəttə, ilk növbədə insanlar maskadan və spirtdən istifadə edilməlidir.

Zərurət yaranmadığı təqdirdə evdə qalmağa üstünlük versinlər. İnsanların toplaşdığı yerlərdən uzaq durmaq lazımdır. Harada toplaşmaq vacib deyilsə, oradan qaçmaq lazımdır. 

Digər tərəfdən insanlar düzgün qidalanmalı, çoxlu maye qəbul etməlidir. Allaha şükür ki, ulu tanrı bizi nemətlərlə nə qədər desək, təmin edib. Hər gün göyərti və limondan istifadə etmək lazımdır”. 

Mütəxəssis  hesab edir ki, ən azından virus bizim ağız və burun boşluğu vasitəsilə daxil olur:

“Maskadan düzgün istifadə etməyən vətəndaşlara iradımı bildirdikdə hətta mənə kobud cavab verənlər də olub. 

Maskadan düzgün istifadə etmək üçün içərisi mavi rəngdə olan ağ maskaların mütləq mavi rəngli tərəfini içəridə istifadə etməli, burun boşluğu örtülməlidir.

Çöldən evə gələn kimi ən azından burun yollarını fizioloji məhlulla və ya qayanmış su ilə yumaq lazımdır ki, virus içəri keçə bilməsin.  Özündə nasazlıq hiss edən insan özbaşına, ətrafdakıların tövsiyəsinə qulaq asmamalı, mütləq həkimə müraciət etməlidir".

Sücayət MEHTİLİ