Fransadakı soydaşlarımızdan ölkə Senatına ÇAĞIRIŞ

Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd addımları rədd etməyə çağırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata əsasən, Fransada yaşayan azərbaycanlı icması torpaqlarını erməni işğalından azad edən və ərazi bütövlüyünü təmin edən ölkəmizin haqlı mövqeyi və erməni təxribatları ilə əlaqədar Fransa Senatının üzvlərinə müraciət edib.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, “Ulduz” Cəmiyyəti, “Alim” Elmi Assosiasiyası, Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransa-Azərbaycan Gənclər Assosiasiyası, Fransanın Azərbaycanlı Tələbələr Assosiasiyası və Fransadakı azərbaycanlı İcmasının senatorlara ünvanlanan məktublarında Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin və beynəlxalq qanunlara uyğun olaraq Azərbaycan ordusunun ərazilərimizi azad etməsinin tarixi, 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ və ona bitişik yeddi rayonda ermənilərin bütün dini və memarlıq abidələrini məhv etdiyi, bütün infrastrukturu və evləri dağıtdığı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr üzvündən biri olan Fransanın Ermənistanın işğalçı siyasətini dəstəkləməsi, Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin Fransa senatında tanıdılması ilə bağlı cəhdlər göstərilməsi bu ölkədə yaşayan azərbaycanlı icmasını ciddi şəkildə narahat edir.