"BakıKart"ın balansı internet üzərindən artırılacaq ! – “Nəqliyyat da rəqəmsallaşsın !”

“Bu məsələyə xüsusi zaman ayırılmalı və “Nəqliyyatın rəqəmsallaşması” layihəsi başlanılmalıdır”

Yaxın vaxtlarda "BakıKart" nəqliyyat kartlarının balansının artırılması xidməti internet üzərindən əlçatan olacaq. Bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı, həmçinin "Visa" və "Mastercard" bank kartları vasitəsilə də sərnişin nəqliyyatından istifadəyə görə təmassız ödənişləri aparmaq imkanının yaradılması istiqamətində işlər aparılır:

"Layihə  pandemiya səbəbindən bir qədər ləngisə də, yaxın zamanda artıq onlayn ödəmə sistemi işə düşəcək. Bu da ümumi vəziyyətin yüngülləşdirilməsinə səbəb olacaq".

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında bu təşəbbüsü müsbət qiymətləndirib:

“Gecikmiş addım olmasına baxmayaraq, alqışlanasıdır. Əslində bu, çoxdan olmalı idi. Çünki sərnişinlər əziyyətlər çəkirlər. Bəzi xidmət növlərində belə imkanlar var.

Amma bir çox sahələrdə, o cümlədən nəqliyyat sistemində elə xidmətlər var ki, onlar üçün də onlayn imkanlar tətbiq edilməlidir.

Fikrimcə, bu məsələyə xüsusi zaman ayırılmalı və “Nəqliyyatın rəqəmsallaşması” layihəsi başlanılmalıdır”.