3-4 peşəkar mütəxəssis kifayət edər

Parklanma məsələsinin həll edilməsi sadə mexanizmdir

İlk olaraq müvafiq ərazilərin seçilməsi daha məqsədəuyğundur

Parklanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi ilə qarşılaşırıq. Gələcəkdə Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq. Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanılacaq. O həmçinin əlavə edib ki, hazırda parklanma məsələlərini təhlil üçün ölkəyə beynəlxalq məsləhətçi şirkət dəvət olunub. Bəs görəsən, bütün görülən işlər ölkəmizdə mövcud olan nəqliyyat problemlərini həll edəcəkmi?

Nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, parklanma məsələlərinin təhlili üçün ölkəyə beynəlxalq məsləhətçilərin dəvət olunmasına xüsusi ehtiyac yoxdur. Ekspert qeyd edib ki, bu, ilk növbədə böyük vəsait tələb edən məsələdir:

"Hesab edirəm ki, ölkəyə beynəlxalq ekspertlərin gəlməsinə o qədər də lüzum yoxdur. Çünki Azərbaycan artıq özü ciddi silah istehsal edən, texnologiyası inkişaf edən bir ölkədir. Düşünürəm ki, parklanma məsələsinin həll edilməsi sadə mexanizmdir. Sadəcə olaraq, 3-4 peşəkar mütəxəssis kifayətdir ki, bu işin öhdəsindən layiqincə gələ bilsin".

Ekspert bildirib ki, parklanma məsələsinin həlli üçün ilk olaraq müvafiq ərazilərin seçilməsi daha məqsədəuyğundur:

"İlk növbədə parklanma üçün prospektlər, yerlər seçilməlidir. Həmin yerləri işarələyib, sonra insanların ixtiyarına vermək lazımdır.

Taksilər üçün ayrıca taksi duraqları yaratmaq lazımdır. Bilirsiniz ki, bəzi prospektlərdə bu yaradılıb, amma ümumi olaraq kütləviləşməyib. Biz yeni dayanacaqlar tikməliyik.

"Nizami" metrosu ilə Təzə bazar arasında əgər fikir vermisinizsə, dəmir konstruksiya ilə tikilmiş dayanacaqlar var. Bu kimi dayanacaqların yenidən tikilməsi üçün müvafiq yerlərin seçilməsi labüddür. Belə halda təbii ki, xarici ekspertlərin rəyləri, tövsiyələri tətbiq oluna bilər". 

"Şəhərin biznes institutları üçün nəzərdə tutulmuş ofislərin, iş yerlərinin daha çox olduğu şəhərin müxtəlif prospektlərində, ərazilərində hündürmərtəbəli dayanacaqlar tikilməsinə ehtiyac var.

Əgər orada dayanacaqlar tikilsə və həmin yerlər xüsusi kartlarla, texniki sistemlərlə və aylıq ödənişlərlə təmin edilərsə, hesab edirəm ki, o zaman parklanma məsələsi ilə bağlı xeyli irəliyişə nail ola bilərik. Qeyd edim ki, Belçikanın paytaxtı Brüsseldə  xüsusi dayanacaqlar tikilib. Həmin dayanacaqlar böyük təminat və təchizatla qurulub. Mülki insanlar həmin dayanacaqlarda rahat maşınlarını park edə bilirlər.

Binanın heç olmasa 400-500 nəqliyyat vasitəsinin burada parklamağa imkanı var. Düşünürəm ki, bu kimi sadə mexanizmlərdən istifadə etməliyik"-deyə ekspert əlavə edib.