İşin başında Makron özü dayanır

Onun Putinlə telefon danışığının detalları bilərəkdən yayılır

"Makron bu yolla Fransa cəmiyyətinə mesaj göndərir ki, o, Fransada və Avropada bəyənilməyən Putinlə sərt dildə danışır və Putinin xahişlərini yerinə yetirmir"


Fransa yalnız Azərbaycana qarşı siyasət yürütmür. Fransa-Rusiya münasibətlərində də ciddi qalmaqal yaşanır. Doğrudur, Avropa İttifaqının əsas dövlətlərindən biri kimi Fransanın da Rusiyaya qarşı sanksiyaları mövcuddur. Ancaq Moskvanı bu az narahat edir, çünki Kreml sanksiyalara öyrəşib. Kremli Parisin siyasətindən narazı salan başqa faktdır. Fransanın “Challenges” nəşrində Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında noyabrın 7-də baş tutan son telefon söhbətinin detalları yayımlanıb. Telefon söhbətində Kreml sahibi Makrondan Rusiyanın koronavirusa qarşı icad etdiyi “Sputnik V” peyvəndinin kütləvi istehsalına kömək etməyi xahiş edib. Makron Putinə cavabında deyib ki, bu məsələni gərək fransalı alimlərlə müzakirə etsin. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, iki prezident arasında telefon danışığının məzmunu Fransa mətbuatı tərəfindən ikinci dəfədir yayımlanır. Analitik deyib ki, prezidentlər arasında sentyabrın 14-də də telefon danışığı olub. Həmin telefon danışığının məzmununu isə Fransanın məşhur “Le Monde” qəzeti yayımlayıb:

“Telefon danışığında Makron Navalnının zəhərlənməsi məsələsinə Putinin aydınlıq gətirməsini istəyib. Putin isə telefon söhbətində Navalnını sadəcə qalmaqallı bloger adlandırıb, onun özünü hər dəfə xəstəliyə vurduğunu deyib.

Kreml ondan narazıdır ki, Fransanın hakim dairələrində Rusiya-Fransa münasibətlərini gərginləşdirmək istəyən qüvvələr var və məhz həmin qüvvələri iki prezident arasında konfidensial danışıqların məzmunun hər dəfə mətbuata ötürürlər.

Fikrimcə, Makronun icazəsi olmadan kiminsə Putinlə gizli danışığın məzmununu mətbuata ard-arda ötürməsi mümkün deyil. Əks halda Makron özü də Putin kimi narahat olmalı idi ki, kimlər onun telefon danışığını dinləyir və mətbuata ötürür. Ancaq yayılan yazılar Makronun vecinə də deyil. Deməli, bu işin başında elə Fransa prezidentinin özü dayanır və bunu Putin də anlayır.

Makron bu yolla Fransa cəmiyyətinə mesaj göndərir ki, o, Fransada və Avropada bəyənilməyən Putinlə sərt dildə danışır və Putinin xahişlərini yerinə yetirmir. Çətin ki, Putin bundan sonra Makronla telefon danışığında “ürəyini boşaltsın”. Növbəti telefon danışığı “nə var, nə yox, necəsən?” kəlməsindən uzağa getməyəcək”.