Şəhidin qardaşı: «Dedi ki, erməni dilini kəşfiyyatçı olmaq üçün öyrənmişəm»

«Onun ən böyük qüsuru qorxusuz olmağı idi. Ölümdən belə qorxmurdu"

"Yaşasaydı, bu cəhətini dəyişmək istəyərdim...”

« Daha çox qorxu və döyüş filmlərini izləyirdi. Dünya tarixini oxuyurdu. Amma mahnı sevən deyildi, dinləmirdi »

« Mais təqaüd yaşına gələndə dünya turuna çıxmağı arzulayırdı. Həmişə deyirdi ki, bütün dünyanı gəzmək istəyirəm»




44 günlük hərbi əməliyyatlar xalqımızın uzun illər həsrətində olduğu qələbə ilə sonlandı. Ordumuzun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatı, əldə edilən böyük zəfər tariximizə qızıl hərflərlə düşdü. Şübhəsiz ki, bu tarixi yazanlar vətənimizin şücaət göstərən oğullarıdır. O oğulları ki, cəbhədə igidlik göstərdilər, qanları-canları bahasına torpağımız uğrunda döyüşüb, ən ali və yüksək zirvəyə - şəhidlik zirvəsinə ucaldılar.



Vətənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ömür yolu hər birimizə örnəkdir. Azərbaycan vətəndaşı şəhid oğullarını və milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq hər birimizin borcudur. Çünki şəhidlik elə bir zirvədir ki, hər kəs buna nail ola bilməz. 

Qazax rayonu Daş Salahlı kənd sakini Mais Yaqubov da tarix yazan igidlərimizdəndir. Mais Yaqubov 1998-ci ilin 20 aprelində anadan olub. 2015-ci ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd orta məktəbini bitirib. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Akademiyada təhsil alıb. Mais Yaqubov Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhadətinə qovuşub. O, xüsusi təyinatlı qoşunun leytenantı idi. 



“Şərq” Mais Yaqubov barədə müsahibəni təqdim edir. Müsahibimiz isə şəhidimizin qardaşı Etibar Yaqubovdur.
- Mais uşaqlıqda necə idi? 

- Təbiətcə sakit biri idi. Maisdən yaşca kiçik olduğum üçün bir-birimizi az görmüşük. Çünki o, 14 yaşından Cəmşid Naxçıvanski adına hərbi məktəbə qəbul oldu.

- Münasibətiniz necə idi? Yola gedirdinizmi?

- Bəli, çox gözəl yola gedirdik. Bəlkə də, Maisin həyatında ən çox istədiyi adam mən idim. Eləcə də mənim...

- Sizinlə sirlərini bölüşürdümü?

- Xeyr. Ümumiyyətlə, heç kimə sirr danışan deyildi.

- Qardaşınızla bağlı xatirələrinizi öyrənmək istərdim...



- Maislə mən Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak etmişik. Bəlkə də, həmin gün həyatımda ən xoşbəxt olduğum günlərdən biri idi. Qardaşımla çiyin-çiyinə təlimlərdə olduğum gün...
- Şəhid olma xəbərini sizə kim çatdırdı?

- Dayım...

- Maislə son görüşünüz yadınızdadırmı?

- Bəli, 2019-cu ilin sentyabr ayında. Mən hərbi xidmətdə olanda, yanıma görüşə gəlmişdi. Sonuncu dəfə o zaman gördüm...

- Necə oldu ki, hərbçi olmaq qərarına gəldi?



- Mais uşaqlıqdan hərbçi olmaq istəyirdi. Xəyalı bu idi. Hətta Heydər Əliyev adına Ali Hərbi Akademiyada oxuyanda ona təklif gəldi ki, akademiyada qalıb müəllim kimi işləsin. Mais erməni dilini də mükəmməl bilirdi. Amma qəbul etmədi. Dedi ki, mən bu dili kəşfiyyatçı olmaq üçün öyrənmişəm, müəllim olmaq üçün yox.

- Hansı filmləri, kitabları, mahnıları sevirdi?

- Daha çox qorxu və döyüş filmlərini izləyirdi. Dünya tarixini oxuyurdu. Amma mahnı sevən deyildi, dinləmirdi.

- Bu həyatda hər kəsin arzuları olur. Qardaşınızın arzuları nə idi?



- Mais təqaüd yaşına gələndə dünya turuna çıxmağı arzulayırdı. Həmişə deyirdi ki, bütün dünyanı gəzmək istəyirəm.

- Qarşımızdakı insan, xüsusən doğmamız nə qədər qüsursuz olsa da, bizə görə mütləq yanlış bir cəhəti var. Maisdə nəyi dəyişmək istəyirdiniz?

- Onun ən böyük qüsuru qorxusuz olmağı idi. Ölümdən belə qorxmurdu. Yaşasaydı, bu cəhətini dəyişmək istəyərdim...

- Bəs, hansı xarakterli insanları sevmirdi?


- Yalan danışanlardan xoşu gəlmirdi. Özü də heç vaxt yalan danışmazdı.

- İndi valideynləriniz necədir?

- Bir şəhid ailəsi necə olmalıdırsa, elədirlər...

- İnsanlarımız, qohum-qonşu acınıza şərik çıxırlarmı? 



- Bəli...

- Maisin yoxluğunu daha çox hansı məqamlarda hiss edirsiniz?

- Əslində elə bilirəm Mais hələ də Naxçıvandadır, nə vaxtsa qayıdacaq. Amma Şəhidlər Xiyabanına gedəndə başa düşürəm ki, o daha aramızda yoxdur...

Söhbətləşdi: Yeganə Bayramova