Qüsurlu şagirdlər ənənəvi təhsilə cəlb olunacaqlar

Kamran Əsədov: "Bizdə yetərli qədər evdə tədris prosesini həyata keçirə biləcək müəllim çatışmazlığı var"

Artıq sağlamlıq imkanları məhdud şəxslərin hamısı həmyaşıdları ilə birlikdə eyni şəraitdə təhsil alacaqlar. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, inklüziv təhsil anlayışının “Təhsil haqqında” qanuna gətirilməsi ilə qanunda sağlamlıq imkanları məhdud şəxslərin təhsili məsələsi ilə bağlı dəyişiklik edilib:“ İnklüziv təhsil anlayışı qanunda tamamilə yenidir. İnklüziv təhsil əvvəl təlimin interqrasiyası anlayışı idi. İndi bu anlayış inklüziv təhsil anlayışına dəyişdirilir.

İnklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlbini nəzərdə tutur. Əvvəl bu inteqrasiya hesabına onların sağlam şagirdlərlə eyni məktəbdə, amma ayrı siniflərdə təlim alması təmin edilirdisə, indi bu, eyni sinifdə həmyaşıdları ilə, amma xüsusi təlim şəraiti yaratmaqla həyata keçiriləcək. Bununla da bərabərlik prinsipi tam təmin ediləcək və sonradan, tədricən sağlamlıq imkanları məhdud olan şəxslərin bütövlükdə cəmiyyətə inteqrasiya edilməsi və onların hamısının bərabər olmasına şərait yaradılacaq. Yəni sağlamlıq imkanlarının məhdud olması maneə deyil, bu, heç də bərabər hüquqlu şəxs olmamaq anlamına gəlmir".

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qüsurlu şagirdləri ənənəvi qaydada tədrisə cəlb etməklə, onların təlim-tədris göstəricilərinin normallaşmasına nail olmaq mümkündür. Ekspert vurğulayıb ki, bu həm də onların cəmiyyətə tez bir zamanda inteqrasiyasına səbəb olacaq:

"Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və sosiallaşması üçün təhsil sahəsində də bir neçə addım atılır. Yaxın vaxtlarda onlar da həmyaşıdları ilə bərabər orta təhsil məktəblərində xüsusi siniflərdə təhsil ala biləcəklər.

Təbii ki, xəstəlikləri imkan verdiyi halda bu onlar üçün mümkün olacaq. Yeni qaydalara əsasən, həmin şəxslər indiyə kimi əgər evdən və məsafədən təhsil prosesinə cəlb olunurdularsa, bundan sonra təklif edilir ki, onlar hamı ilə bərabər məktəblərə gəlsinlər və normal dərs prosesinə qoşulsunlar. Onların ilk növbədə xəstəliklərinin növü müvafiq komissiya tərəfindən müəyyənləşdiriləcək.

Əgər həmin şagird hər hansısa bir psixoloji, ruh halı ilə bağlı xəstəliyin daşıyıcısıdırsa, təbii ki, tədris prosesinə qoşulmayacaqlar". 
Ekspert vurğulayıb ki, ölkədə fiziki qüsurlu uşaqların hamısını tədris prosesinə cəlb etmək mümkün deyil: "Çünki bizdə yetərli qədər evdə tədris prosesini həyata keçirə biləcək müəllim çatışmazlığı var.

Həmçinin bir çox hallarda evdə olan tədrisin keyfiyyəti o qədər də uğurlu olmur. Əgər ənənəvi qaydada məktəblərdə oxuyan şagirdlərin buraxılışdakı və qəbul imtahanlarındakı nəticələrini müqayisə etsək görərk ki, evdə cəlb edilmiş şagirdlərin nəticələrində ciddi fərqlər var.

Ona görə də qüsurlu şagirdləri ənənəvi qaydada tədrisə cəlb etməklə, onların təlim-tədris göstəricilərinin normallaşmasına nail olmaq olar və bu, olduqca müsbət bir addımdır. Qeyd edim ki, bu təcrübə qardaş Türkiyədə, Cənubi Koreyada və Sinqapurda istifadə olunub".