Hələ ki, Paşinyan bütün tərəflərə sərf edir

"Qarabağ klanı"nın səssiz qalması Kremlin göstəricisidir

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Müxalifət hesab edir ki, 44 günlük döyüşləri uduzan, Ermənistanı ağır siyasi, sosial, iqtisadi və hərbi vəziyyətə salan baş nazir və hökumətin bundan sonra dövləti idarə etməyə haqqı çatmır. “İşıqlı Ermənistan” Partiyasının rəhbəri Edmon Marukyan deyib ki, hərbi vəziyyətin ləğvindən sonra baş nazirin impiçmenti prosesi başladılacaq. Onun sözlərinə görə, məğlubiyyət simvolu getməlidir:

“Zaman göstərdi ki, hazırkı hakimiyyət əvəzlənməlidir. Paşinyan və komandası gedəcək, lakin köhnələr gəlməyəcək. XİN rəhbəri indi deyir ki, biz diplomatiyada yox, döyüş meydanında uduzmuşuq. O bilməlidir ki, diplomatiya müharibə başlayanda uduzulub”. Qondarma rejim “başçısı”nın “müşaviri” Tiqran Abramyan da bildirib ki, Paşinyan artıq ölü fiqurdur: “Nikol, sən özünü Əliyevlə bir masa arxasında əyləşib, nəsə ətrafında danışıqlar aparan kimi təsəvvür edirsən? Başa düşürsən ki, səni heç kim ciddiyə almır və sən artıq nə ölkədə, nə də onun xaricində faktor deyilsən? Elə bir gün yoxdur ki, Əliyev səni aşağılamasın. Sənin deyəcək heç nəyin yoxdur. Əgər uduzmusansa, bizi bu situasiyaya gətirib çıxarmısansa, özünün son addımını at və çıx get”. 

Nikol Paşinyanın devrilmə ehtimalını “Şərq”ə təhlil edən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda hərbi vəziyyətin ləğv edilməməsi, baş nazir Nikol Paşinyanın daxili siyasi vəziyyəti nəzarətdə saxlamağa çalışması müxalifətin geniş etirazlarının davam etməsinin qarşısnı almağa hesablanıb. Siyasi şərhçiyə görə, Paşinyana qarşı “Qarabağ klanı”nın səssiz qalması Kremlin göstərişindən irəli gəlir:

“Hazırkı durumda “Qarabağ klanı”nın hakimiyyətə gəlməsi xalqın geniş etirazlarına səbəb olar. Həm də Qarabağla bağlı məsələdə indiki vəziyyət onların siyasətinə uyğun deyil. Ona görə də öz səssizliklərini qoruyurlar. Buna baxmayaraq, “Vətən” partiyasının sədri A.Vanetsyan bir müddətdən sonra Nikol Paşinyana qarşı qüvvələrini toparlayacaq.

Paşinyan çalışır ki, ölkədə siyasi vəziyyəti sabitləşdirsin və Qarabağla bağlı müəyyən irəliləyişə nail olsun. Xüsusən, Qarabağın statusunu qabardır ki, zamanla digər ölkələrin parlamentlərində də qondarma rejimin “müstəqilliyi” tanınsın. Baş nazir bununla “Qarabağın müstəqilliyi” ilə bağlı siyasətini davam etdirdiyini göstərir”. 

M.Əsədullazadə hesab edir ki, Rusiya və Ermənistan arasında mövcud əlaqələr bir müddət davam edəcək. Lakin Putin Qarabağla bağlı durumu stabilləşdirəndən sonra Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq:

“Paşinyanın apardığı siyasət Rusiyanı qane etmir və onun hakimiyyətdə olması Moskvanın geosiyasi maraqlarını təhdid edir. Amma Ermənistan əhalisi ölkədə növbəti Rusiya yönlü bir sistemin qurulmasında maraqlı deyil. Rusiyanın Ermənistanda siyasi hakimiyyəti dəyişməsi gərginliyə gətirib çıxarar”.