Paşinyan Putinlə telefon danışıqlarından istifadə edir

O, bununla hələ də siyasi fiqur kimi qəbul edildiyi mesajını verir

Baş nazirin hakimiyyətdə qalması hələlik Rusiya üçün daha məqsədəuyğundur. Səbəb ilk növbədə imzalanan müqavilənin tam yerinə yetirilməsidir

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb. Bununla qürrələnən Paşinyan feysbuk səhifəsində Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdiyini yazıb:  “Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələri, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı, sülhməramlıların yerləşdirilməsi və sərhədlərin müəyyənləşdirilməsi, həmçinin bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələləri müzakirə etdik”.

Məlumdur ki, Ermənistanda idarəçilik, iqtisadiyyat bərbad vəziyyətdədir, pandemiya tüğyan edir, küçələrdə etirazçılar əlindən tərpənmək olmur. Paşinyan isə sadalanan problemlər yoxmuş kimi Putinlə sadəcə Laçın dəhlizini müzakirə etdiyini söyləyir. Ekspertlərin qənaətincə, Paşinyan Kreml rəhbəri ilə tez-tez telefonla danışdığını gözə soxaraq özünün hələ də mövcudluğunu, siyasi karyerasının bitmədiyini göstərməyə çalışır. 

Erməni baş nazirin feysbuk statusunu “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Paşinyan Putinlə telefon danışıqlarını elan edərək hələ də siyasi fiqur kimi qəbul edildiyi mesajını verir. Eyni zamanda, bu, Ermənistanın keçmiş prezidentlərinə də mesajdır:

“Rusiyanın bu günə kimi fəaliyyəti Paşinyanın hakimiyyətdən getməsi və “Qarabağ klanı”ndan birini hakimiyyətə gətirmək idi. Görünən odur ki, Paşinyanın hakimiyyətdə qalması hələlik Rusiya üçün daha məqsədəuyğundur. Səbəb ilk növbədə imzalanan müqavilənin tam yerinə yetirilməsidir. Daha önəmlisi gərgin durumda Paşinyanın yerinə keçmək istəyən kimsənin olmamasıdır. Bu baxımdan Paşinyan nisbətən rahatlaşıb. Rusiya Paşinyanın gələcək planlarının olduğunu anlayır. Paşinyanın xalqdan vaxt istəməsi də onu hakimiyyətə gətirən qüvvələrin planlarının tərkib hissəsidir. Bu planlara Co Baydenin Amerika prezidenti kimi fəaliyyətə başlamasından tutmuş Türkiyənin regiona gəlməsi kimi bir çox amillər daxildir”.

Analitik bəyan edib ki, Paşinyan öz missiyasını hələlik axıra kimi yerinə yetirməyib:

“Onu hakimiyyətə gətirən qüvvələrin müharibə sonrası üçün planları olmamış deyil. Qərb dairələri Paşinyanın Azərbaycan Ordusunun əli ilə Ermənistanı məğlubiyyətə uğratmasından və yaranmış gərginlikdən maksimum istifadə edəcək”.