Rəsmi Bakının Fransaya demarşı olacaqmı? - "Paris peşman olacaq"    

“Azərbaycanın Fransaya qarşı demarş etməsi üçün əlində hər cürə əsasları var. Lakin rəsmi Bakı hər şeyi soyuqqanlı şəkildə və təmkinlə gözdən keçirir və təhlil edir”. 

Bunu “Şərq”ə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, Senatın qərarı Fransa dövlətinin rəsmi mövqeyi olmadığına və sadəcə tövsiyyə xarakterli sənəd olduğuna görə Azərbaycan hələlik bununla bağlı heç bir kəskin addım atmır: 

“Amma Fransa tərəfinin bu cür ağılsız və məsuliyyətsiz addımları davam edərsə, sonda Paris özü peşman olacaq. Perspektivsiz və gələcəksiz bir ölkəni - Ermənistanı dəstəkləmək Fransa dövləti üçün həqiqətən də üz qarasıdır və rasionallıqdan uzaq bir hərəkətdir. Bütövlükdə bu prosesdə itirən tərəf Azərbaycan yox, elə Fransanın özü olacaq.

Fransa ilk növbədə Azərbaycanın və azərbaycanlıların gözündə etibarını itirdi. İkincisi isə sözügedən bədnam qətnamənin qəbul edilməsi Qarabağ nizamlanması prosesinə heç bir təsir göstərməyəcək. Çünki bu qətnamə sadəcə tövsiyyə xarakterlidir”. 

Ə.Hüseynov vurğulayıb ki, bu qətnamə Fransaya Qarabağla bağlı bundan sonrakı proseslərdə əsas oyunçulardan birinə çevrilmək imkanı verməyəcək: 

“Bunu Fransa XİN rəsmisi Jan Batist Lemuan da fransız senatorların diqqətinə çatdırmağa çalışdı, lakin səmərəsi olmadı. Sağlam düşüncə imkanlarını itirmiş Senat üzvləri Fransanın maraqlarına yox, ermənilərin mənafelərinə uyğun qərar qəbul etdilər. Milli Həmrəylik Partiyası olaraq Fransa Senatının bu addımını qəti şəkildə pisləyir və Fransanın sağlam əqidəli siyasi qüvvələrini Fransanın maraqlarını ermənilərin maraqlarına satan prezident Emmanuel Makronun qarşısını almağa çağırırıq”.