Azərbaycan dünyada sözünü deyən ölkədir

“Azərbaycan öz işini bilən, dünyəvi dəyərlərə hörmətlə yanaşan, multikultural və tolerant siyasəti ilə dünyaya nümunə olmuş ölkədir”. 

Bunu millət vəkili, iqtisadçı Azər Badamov deyib. 

Deputat bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində iqtisadi və siyasi baxımdan müstəqil ölkəyə çevrilib: 

“İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Azərbaycan dövləti formalaşdırılmış güclü iqtisadi potensialından düzgün istifadə edərək ordusunu müasirləşdirdi, gücləndirdi. Bu gün dünyada iqtisadi tənəzzül baş verməsinə baxmayaraq, iqtisadiyyatda azalmalar çox aşağı həddədir, xarici dövlət borcumuz ÜDM-in 23 faizini təşkil edir. Ermənistanda isə bu xarici borc ÜDM-nin 80 faizinə bərabərdir. Azərbaycanda dövlətin valyuta ehtiyatları xarici dövlət borcundan 3 dəfəyə qədər çoxdur. Təbii ki, ölkəmizin iqtisadi müstəqilliyi siyasi müstəqilliyini şərtləndirib. Azərbaycan dünyada sözünü deyən ölkədir. 44 günlük Vətən müharibəsində ölkəmizə olan xarici siyasi təzyiqləri dövlət başçısı heç nədən çəkinməyərək dəf etdi. Bu gün də bizə yol göstərmək və dərs keçmək istəyənlərin cavabı elə verilir ki, onlar bir də dövlətimiz haqqında söz deməyə cəsarət etməsin. İslamofob siyasəti qızışdıran, məscidlərə donuz başı atan, peyğəmbərimizin karikaturalarını dövlətin rəsmi jurnallarında dərc etdirən ölkələrin rəhbərləri bizə ağıl öyrətmək istəyir. Belə ölkələrin rəhbərlərinə heç nədən çəkinməyərək cənab İlham Əliyevin ünvanlı mesaj göndərməsini sözün əsl mənasında müstəqilliyimizin göstəricisi hesab edirəm”.