Ömrün Ağdam yolları

Bu dünyada hər kəsin böyük Vətənindən əvvəl bir mikrovətəni olur. Böyük vətənin şəhər sakininin mikrovətəni onun o şəhərdə doğulduğu məhəllədən başladığı kimi, böyük rayonun sakinin mikrovətəni də onun doğulduğu kənddən başlayır.

Mən Azərbaycanımızın- böyük Vətənimizin gül-çiçək məskəni olan Ağdamın güllü-çiçəkli Novruzlu kəndində doğuldum. Sonradan qovuşduğum böyük şəhərlər, məkanlar inciməsin, ömrümün ilk 18 yaşını başa vurduğum o kənd taleyimin yaddaşında Kəbələrdən, Məkkələrdən də müqəddəs bir məkan kimi qaldı. Mən o kəndin birmərtəbəli, aynabəndli kiçik bir məktəbində oxudum. Bu orta məktəbin bir zamanlar mənə verdiyi bilik başımı çox yerdə uca elədi. Ətrafdakı altı kəndin 7-ci sinfini bitirən yüzlərlə şagird Novruzlumun kiçik binalı o orta məktəbində təhsillərini başa vurdular. Ömrümün ən əziz xatirələrini qoyub çıxdığım o kənd Xudu Məmmədov (ruhu şad olsun), Rafiq Əliyev kimi dünya şöhrətli alimlər verdi Azərbaycanıma. Müasir Azərbaycan dramaturgiyasının, nəsrinin ustad ədibi  Əli Əmirli dünyaya o kənddə göz açdı. Qardaşım Zeynal Məmmədovun ayrılmaz dostları olan Xudu Məmmədov, Bəxtiyar Vəhabzadə, Nurəddin Rzayev, Şamil Əsgərov, Şahmar Əkbərzadə kimi dostları Novruzlunun müntəzəm əziz qonaqları idi.

Mən güllü-çiçəkli, bağlarında min bir meyvəsi, geniş taxıl, pambıq tarlaları olan o kəndi 18 yaşımda tərk edib Ukraynanın Lvov vilayətində, Rusiyanın gözdən-könüldən uzaq Kamçatkasında üç illik əsgərlik  həyatı keçirdim.

O illərin hər gününü Ağdam həsrəti ilə yaşasam da, orta məktəbdəki ədəbiyyat müəllimlərimin- qocaman Təyyar Abbasovun (ruhu şad olsun), bu gün də mənə təsəlli olan 88 yaşlı Səlim Əzimovun, fizika müəllimim Abdulla Məhərrəmovun mənim mütləq universitet tələbəsi olacağıma ümidlərini unutmadım. Və mən Rusiyanın o uzaq Kamçatkasından bir başa Bakı Dövlət Universitetinə qəbul imtahanına gəldim. Novruzludakı doğmalarımın da ağlına gəlməzdi ki, mən 1964-cü ilin isti avqust günlərində Universitet tələbəsi olacam. Qəbuldan dərhal sonra Bakı-Yevlax qatarı məni təşnə ilə gəldiyim Ağdama çatdırdı. Mikrovətən necə şirin olur, Allahım! Azərbaycanın ən inkişaf eləmiş Ağdamı, onun 9 kilometrliyindəki Novruzlu kəndi- mənim Kəbəm, Məkkəm, Mədinəm! O kəndin hər sakini- uşaqdan tutmuş qocasınadək hər kəs məni təbrikə gəldi. Və taleyimin Ağdam-Bakı yolu o gündən başladı...

Azərbaycanın müxtəlif regionlarından tələbələri müqəddəs Universitetimiz birləşdirdi. Bu tələbələrin Universitet həyatı bizə yeni bir Vətən, yurd sevgisi qismət elədi.  Nə gizlədim, hərə öz diyarı, öz rayonu, öz kəndi ilə fəxr edirdi. Çoxları Universiteti bitirib doğma diyarlarına qayıtdı. Amma tələbəlik illərində, az qala, hər həftə yazımı dərc edən “Bakı” qəzetinin redaktoru  Nəsir İmanquliyev, dərslərində fəallığımı diqqətdə saxlayan Şirməmməd Hüseynov məni bitirdiyim fakültədə qalıb elmi-pedaqoji fəaliyyətlə məşğul olmağımı məsləhət bildilər. Birdəfəlik qaldım bu böyük, bir az ögey, bir az doğma bu şəhərdə. Bu zamandan ömrümün Ağdam yolları bir az da intensivləşdi. Bütün doğmalarımın, ən əzizlərimin, xatirələrimin qaldığı məkanı necə unuda bilərdim? Yollar bizi böyütdü. Övladlarıma ən ciddi tapşırığım belə idi: Danışığınız ancaq Ağdam ləhcəsində olmalıdır!

 Hər şey öz düzənində, hər şey öz istədiyimiz kimi. Hətta indiyədək Bakıdan çıxan qatar Yevlağa gedib ordan avtobusla Ağdama yollanırdıqsa, indi ayırıca bir Ağdam-Bakı qatarımız da var...

... Və bir gün yağı düşmən, çörəyimizə, suyumuza, hörmətimizə, dövlət qayğımıza xəyanət edən ermənilər özləri xislətli müdafiəçilərinin köməyilə külli-Qarabağı qan içinə sürüklədilər və taleyimin, ömrünün Ağdam yollarının qarşısını kəsdilər. İyirmi yeddi il o yollara həsrət qaldım. Hər dəfə kiminsə dilə gətirdyi Ağdam, Novruzlu  kəlmələri içimi, ürəyimi parçaladı. Bircə təsəllim vardı: Prezident İlham Əliyev Qarabağa hər səfərində bu torpaqlara mütləq qayıdacağımızı o qədər qətiyyətlə vəd edirdi ki, onun bu inamına şəkk eləmək olmazdı. Özünün ad gününü Ağcabədidə salınan qaçqınlar şəhərciyində sakinlərə açar təqdim etmə mərasimi ilə keçirən belə bir liderə inanmamaq olmazdı...

Yetişdi o gün! Və işğaldan azad olunan hər rayona səfərində  xalqa müraciət edən bu böyük İNSAN, şanlı ordumuzun “birinci əsgəri” (Mirşahin) həmin vədləri xatırladıb o vədləri necə doğrultduğunu yada salırdı. Prezident Ağdama səfərində azad olunmuş bu diyarın azadlığı ilə nə qədər qürur duysa da, şəhərin, kəndlərin Xirosimaya döndərilməsindən doğan kədərini də gizlədə bilmirdi. Amma bizim Prezidentimiz azad olunmuş bütün torpaqlarımızda infrastrukturun əvvəlkindən də yaxşı yaradılacağını dilə gətirdi. Onun Ağdam məscidinə qış soyuğunda ayaqyalın şəkildə daxil olması, o məscidin qarşısında xalqa tarixi müraciəti də heç vaxt unudulmayacaq. Ölkəmizə bütün rəhbərliyi dövründə verdiyi vədlərə həmişə sadiq qalmış bu insanın Ağdamın tezliklər gülüstana çevirmək vədi də mütləq reallaşacaq. 

Və mən indi yenidən Ağdam yollarına qovuşmaqdayam. Bu yollar mənə dünyanın məbədə aparan ən müqəddəs yollarından müqəddəsdir. Açıq yolların mübarək, mənim əyilməz Ağdamım! Açıq yolların mübarək, mənim Xudu ruhlu Novruzlum! Açıq yolların mübarək, mənim müqəddəs Bakı Dövlət Universitetimə  aparan yollarımın ilk çırağı olan orta məktəbim!

Cahangir Məmmədli