Koronavirus peyvəndi ilə bağlı sınaqlar nə yerdədir? - ÜST-dən CAVAB

"Hazırda dünya üzrə 210-dan çox peyvənd namizədi inkişaf mərhələsindədir. Bunlardan 48-i insanlar üzərində sınaqdan keçirilir. Onlardan isə təxminən 10-u üçüncü sınaq mərhələsindədir".

Bu barədə Lent.az -a Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Qeyd olunub ki, birinci və ikinci mərhələdə olan bir neçə namizəd peyvənd qarşıdakı aylarda üçüncü mərhələyə daxil olacaq: "Genişmiqyaslı sınaq mərhələsinin ilkin nəticələri noyabr ayında əldə olundu.

Xəbərlər ürəkaçan olsa da, sınaqların son mərhələsinə çatdıqdan sonra əldə ediləcək effektivlik və təhlükəsizlik haqqında məlumatları gözləməliyik. Peyvəndlərin təsir müddətinin nə qədər davam edəcəyini və yaşlı əhali qruplarını nə qədər yaxşı qoruyacağını da görməliyik. Təhlükəsizlik səbəbindən peyvəndin yan təsirlərinin olub-olmadığını öyrənmək üçün iştirakçıları daha çox izləməyimiz lazımdır".
Qurumdan bildirilib ki, bütün bu mərhələlərdən sonra məlumatlar icazə sənədlərinin verilməsi prosesinə başlamaq üçün tənzimləyici orqanlara təqdim ediləcək.