Polkovnikin son döyüş tapşırığı

Bir neçə gündür ki, çoxları ondan danışır. Sosial şəbəkələrdə haqqında yazılır, videogörüntülər paylaşılır. Hətta küçədən keçənlər, avtobusdakı sərnişinlər də bir-birilərinə “Şəhid polkovniki tanıyırsan?” sualını verir və cavab gözləmədən özləri danışmağa başlayırlar. Bir neçə gün əvvəl şəhid olan polkovnik, korpus komandirinin müavini Babək Səmidlini deyirlər. Hərbi əməliyyatlar bitəndən, tarixi qələbə qazanmağımızdan bir neçə gün sonra Suqoşuvanda minaya düşərək əbədi dünyanı qazandı-şəhid oldu.

Və, beləliklə, ən gözəl məqama ucaldı. Bunu özü demişdi. Məlum hadisədən əvvəl əsgərləri qarşısında çıxış edir, onlara son döyüş tapşırıqlarını verir( sosial şəbəkələrdə ən çox yayılan görüntülərədn biri məhz budur) və məğrur səs tonu ilə söyləyir: “...Şəhidlər ən uca, ən gözəl məqamdadır. Siz elə bilməyin ki, şəhidlər öldü, getdi...

İndi bəziləriniz oxumursuz, bilmirsiz. Amma yer üzündəki vaxtla axirətdəki vaxt anlayışı fərqlidir. Burdakı 100 il ordakı bir dəqiqəyə bərabərdir. Şəhidlər öldümü, bir dəqiqə sonra öz ailəsi ilə birlikdə ən gözəl məqamlarda yaşayır.

Siz cənnətin iyisini, ola bilsin, hiss etməməsiniz, amma mən onu yaşamışam. O gözəl yerlərə ucalmaq...Allah təki yazın bizə...”.

Bax, belə adam idi cənab polkovnik. Ən böyük arzusu, bəlkə də, şəhid olmaq idi. Oldu, arzusuna çatdı. Həm də qalib ordununun qalib komandiri kimi. İndi Babək Səmidli çox xoşbəxtdir və yenə özünə istinadən desək, əzizlərilə birlikdədir.

Sözügedən videonu izlədikcə sözün əsl mənasında heyrətləndim. Korpus komandirinin müavini danışdıqca sanki yer-göy titrəyirdi, təkcə qarşısındakı əsgər və zabitlər yox, ətrafdakı hər şey sanki “farağat” vəziyyətində idi.

O, qəfildən səs tonunu daha qaldırır və deyir: “Bizim əsgərlərimiz bir daha səngərdə üzü yuxarı baxmamalıdırlar. Dağların üstündə, ucalarda oturmalıdırlar”. Yəni bundan sonra nəzarət daha həmişə bizdə olmalıdır. Azərbaycan ordusuna, Azərbaycan əsgərinə yaraşan budur.

Əlbəttə, Babək Səmidlinin yetirmələrinə yaraşan da məhz budur!

Bir neçə dəqiqəlik çıxışı ərzində əsl Azərbaycan əsgərinin necə olması barədə danışır cənab polkovnik-qorxmaz, cəsur, mərd və mütləq hazırlıqlı. Onun sözlərinə görə, hətta ölümün gözlərinə belə dik baxmaq lazımdır:



“Bir canımızmı var? Allah nə yazıbsa o da olacaq...”. Əsas məsələ odur ki, verilən ömrü elə yaşayaq ki, öləndən sonra da ölməyək. Özünün dediyi kimi, şərəfli yolu seçin, doğru yolu seçin bu üçündən biri gəlsin başımıza: ya qalib olaq, ya qazi olaq, ya şəhid olaq. Başqa bir seçim heç bir Azərbaycan əsgərində ola bilməz.

Korpus komandirinin müavininə qəfil zəng gəlir. Amma o, nitqinə ara vermədən telefonu gödəkçəsinin cibindən çıxarır, yazılan ada belə baxmadan zəngdən imtina edir və yorulmadan danışır: “...Bir də erməni əsgəri cəsarət edib düşünməsin ki, mən Azərbaycana hücum edə bilərəm”.
Görünür, polkovnik əsgərlərinə təkcə tövsiyələr vermir, onları psixoloji cəhətdən hazırlamır, eyni zamanda özünün əmin olduğu, lakin hələ ictimailəşdirilməməli məqamlara toxunur: “...Azərbaycanın şanlı qələbə tarixini görməyə sayılı günlər qalıb”. Bilirsiz, nə vaxt deyib bu sözü? Noyabrın 10-da imzalanmış kapitulyasiya sənədindən əvvəl,  hələ döyüşlər gedən bir vaxtda. Yəni faktiki olaraq müharibənin taleyi həll olunmamışdı, buna baxmayaraq, polkovnik əmin idi. Adı kimi əmin idi!

Əsgərlərinə dediyitək, vəd verdiyi kimi oldu: Azərbaycan Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin və itirilmiş otuz ilin heyfini çıxdı. Əlbəttə, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və xalqın inamı, dəstəyi sayəsində.

Polkovnik qalib ordunun qalib komandiri kimi şəhid olur-bir neçə gün əvvəl Suqovuşanda cəsədlərin dəyişdirilməsi zamanı minaya düşür. Biz kədərlənirik. O isə indi ailəsi ilə birlikdə xoşbəxtdir. Çox xoşxəbt! Allah sizə rəhmət eləsin, cənab polkovnik! Gözünüz arxada qalmasın! Döyüş tapşırığı uğurla yerinə yetirilib!
 
Kənan Novruzov