Roma papası da UYĞURLARDAN danışdı - ŞƏRH

“Roma papasının yeni kitabı Pekinlə Vatikan arasındakı münasibətlərdə problemlər yaradacaq”

“Uyğurlar isə öz növbəsində Roma papasının simasında güclü dəstəkçi qazanacaqlar”

Roma papası Fransiskin uyğurların ağır vəziyyəti barədə fikir bildirməsi beynəlxalq aləmin diqqətini çəkib. Vatikan rəhbəri uyğurları təqib olunan xalqlar sırasına daxil edib. Fransiskin uyğularla bağlı dediyi sözlər ingilis jurnalist Aqustin İvereclə müsahibələrindən ibarət “Xəyal edək: Daha yaxşı gələcəyə gedən yol” adlı kitabında yer alıb. Fransiskin bu sözlərinə qarşı noyabrın 25-də Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litsiandan cavab gəlib. O, bildirib ki, Çində azsaylı xalqların qanunlara uyğun olaraq haqları qorunmaqdadır. Çin rəsmisi Vatikan rəhbərinin uyğurları təqib olunan xalqlar arasında xatırlamasını yersiz adlandırıb.



 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu barədə fikirlərini “Sherg.az”la bölüşüb: “Əslində kitabda Vatikan rəhbərinin uyğurlar bağlı cəmi bir cümləsi var. Buna baxmayaraq, həmin cümlə kifayət edib ki, Çinlə Vatikan arasında münasibətlərdə gərginlik yaşansın. Haqqında danışılan kitab bu həftədən satışa çıxarılacaq. Amerikanın məşhur “Nyu York Tayms” qəzetinin yazdığına görə, Roma papasının kitabda uyğurları xatırlaması təsadüfi deyil:

“Vatikan uzun illər Çin hökuməti ilə danışıqlar apararaq bu ölkədəki katolik kilsələrin statusuyla bağlı saziş imzalamağa çalışıb. Görünür,  bu istiqamətdə çətinliklər yaranıb ki, Roma papası uyğur zülmünü xatırlamalaqla Pekinə mesaj yollayıb”. Böyük Britaniyanın “The Guardian” qəzeti də bu mövzuda yayımladığı məqalədə Vatikanla Çin arasında münasibətlərin soyuya biləcəyinə işarə edib:

“Roma papasının yeni kitabı Pekinlə Vatikan arasındakı münasibətlərdə problemlər yaradacaq. Uyğurlar isə öz növbəsində Roma papasının simasında güclü dəstəkçi qazanacaqlar”.

 E.Şahinoğlu, həmçinin ABŞ-ın yeni prezidentinin məsələyə münasibətinə də toxunub:

“Qərb ekspertlərinin fikrincə, Roma papasının uyğurlarla bağlı açıqlaması Amerikanın gələcək prezidenti Cozef Baydeni də çətin vəziyyətə salıb. Uyğurların müdafiəsi ilə bağlı ən ciddi sənədlər son bir ildə Amerika Konqresində qəbul edilib. Amerikanın artıq keçmiş prezidenti Donald Tramp da uyğur məsələsinə xüsusi diqqət göstərir və Çinlə sanksiya dilində danışırdı.

Cozef Bayden Ağ Evə gələndən sonra Çinlə dialoqa başlayacağını vəd edib. Başqa sözlə, Bayden demək istəyib ki, onun Çin siyasəti Trampınkından fərqli olacaq. Lakin Bayden uyğur məsələsində diqqətli olmaq məcburiyyətindədir.

Çünki, həm onun partiyası, həm də Konqresin iki palatası uyğur problemində Pekinlə sərt dildə danışmağın tərəfdarıdırlar. Üstəgəl, Roma papasının da uyğurlarla bağlı fikirləri Baydenə bu məsələdə Çinə güzəşt getmək imkanı vermir. Vatikan yaxın 4 ildə Cozef Baydenlə sıx əməkdaşlığa ümid edir. Noyabrın 12-də Fransisklə Bayden arasında telefon danışığı olub.

Bu, o deməkdir ki, xarici siyasət məsələləri ətrafında da Ağ Evin yeni sahibi ilə Vatikan rəhbəri arasında fikir mübadiləsi davam edəcək. Bu sırada hər iki lider Çinin siyasəti haqqında da  danışacaqlar”.