Rusiya sülhməramlılarının təminatı ilə bağlı fəaliyyətlər... - VİDEO

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.
""Sherg.az" xəbər verir ki, noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.
Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.
Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.