SMS icazə sistemi bərpa oluna bilər

Qarşıdan gələn günlərdə yoluxma sayı artarsa, yenidən sərtləşmələrin olması vacibdir 

Son günlərdə koronavirusa yoluxanların sayı kəskin artır. Bu isə kifayət qədər riskli, çətin mərhələdir. Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Hazırda yoluxma hallarının 1-1,5 faizi ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün isə yoluxmanın azalması mütləq şərtdir. Görünən odur ki, bu istiqamətdə görülən qabaqlayıcı tədbirlər gözlənilən nəticəni vermir. Yoluxmanın dinamikasını azaltmaq məqsədilə karantin tədbirlərinin sərtləşməsi və SMS icazə sisteminin aktivləşməsi gözlənilirmi?

Azərbaycan Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev bildirib ki, Azərbaycanda koronavirusa yoluxmanın dörd mini keçməsi çox acınacaqlı vəziyyətdir:

“Son zamanlar rəqəmlərin artması artıq həyəcan təbilinin çalınmasına işarə verir. COVID-19-dan ölənlərin də sayı artır. Əgər hər gün dörd mindən artıq insan bu xəstəliyə yoluxursa, 38 nəfər vəfat edirsə, bu, böyük rəqəmdir.

İki həftə əvvəl - sərtləşdirilmiş karantin rejiminə qədər, demək olar ki, heç kəs maskadan istifadə etmirdi. Hər halda bu da son 1-2 həftədə yoluxma sayının bu qədər artmasına səbəb olub. Əslində, yoluxmanı artıran səbəblərdən biri də qələbə münasibətilə hər kəsin küçələrə axışmağı, görüşməsi, daha sıx ünsiyyət qurması oldu.

Müharibənin başladığı ilk günlərdə də mən “Facebook” səhifəmdə COVID-19-la bağlı özümüzü qorumaq məqsədilə bir post paylaşmışdım və qeyd etmişdim ki, yoluxmanın artması gözlənilir.

Bu günləri gün ərzində 13 min test edilir və 3-4 min yoluxma faktı qeydə alınır. Bu hələ yalnız testlərin nəticələridir. Nəzərə alsaq ki, testlərin informativliyi 70 faizdir, deməli, bu say bir az da çoxdur. Ancaq qarşıdan gələn günlərdə, həftələrdə bu say artarsa, yenidən sərtləşmələrin olması vacibdir". 

Millət vəkili Fazil Mustafa isə mövcud vəziyyətdə koronavirusa yoluxmanın və ölənlərin sayının sürətlə artmasının təcili nəzərə alınmasının vacibliyini vurğulayıb:

"Əslində bu məsələdə daha peşəkar addımların atılmasına gərək var. İstər karantinin sərtləşdirilməsi, istərsə də SMS icazə sistemi ilə bağlı qərarın verilməsinə aidiyyəti üzrə baxılmalıdır. Çox güman ki, müəyyən məhdudiyyətlərə gedilməsi intensivləşdiriləcək.

Karantin qaydalarını cəmiyyətin öhdəsinə buraxmaq bir qədər doğru deyil. Bu daha çox operativ qərargahın aldığı qərarlar çərçivəsində həll olunmalıdır. Çünki hazırda ölkədəki durum, xəstəxanalardakı vəziyyət, çarpayı fondu və s. barədə ən dəqiq məlumatlar onlardadır.

Paralel olaraq əhaliyə təbliğat işi də gücləndirilməlidir. Koronavirusla mübarizəyə diqqəti daha da artırmaq lazımdır. Düşünürəm ki, Operativ Qərargah daha da sərtləşməyə getməlidir.

Hava şəraitinin sərtləşməsi, mövsümi xəstəliklərin artması yoluxmanın daha da sürətlənməsinə təkan verir. Düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələlərdə zəruri olacaq addımlar atacaq".