İstənilən terror aktı pislənməlidir

İranlı alimi konkret hansı qüvvələrin qətlə yetirdiyini söyləmək çətindir

Tehran yaxınlığında öldürülən nüvə fiziki Möhsün Fəxrizadə İranın nüvə proqramının əsas fiqurlarından biri olaraq ön planda olub. Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Agentliyinin rəhbəri professor Fəxrizadə hərbi sahədəki fəaliyyətləri ilə tanınıb. O, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə sanksiya siyahısına salınıb. Fəxrizadə Qərb jurnalistlərinin ən çox reportaj hazırlamaq istədiyi şəxslər arasında olub. Lakin Tehran administrasiyası əvvəlki illərdə alim haqqında məlumatların yayılmasının qarşısını almaq üçün səy göstərib. Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətçilərinin onunla görüşməsinə belə icazə verməyib.

Alim İranın hərbi nüvə proqramının “ata”sı hesab edilirdi. Məlumata görə, nüvə alimi uzaqdan idarə olunan silahla qətlə yetirilib. Fəxrizadəni 3 təhlükəsizlik maşını müşayiət edib. Alim ortadakı zirehli maşında olub. Öndə gedən avtomobilə atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problem olduğunu zənn edərək maşından düşüb. Bu zaman, təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Qətl barəsində danışan İranın Ali rəhbəri Ayətullah qeyd edib ki, onun böyük elmi işləri davam etdirilməli, terror aktını törədənlər tapılıb cəzalandırılmalı və bu hadisə ətraflı araşdırılmalıdır. İranın Prezidenti Həsən Ruhani alimin öldürülməsinin adi hadisə olmadığını, qabaqcadan hazırlanmış terror aktı olduğunu bildirib. Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Məhəmməd Baqeri isə bəyan edib ki, Fəxrizadənin qatilləri mütləq cəzalarına çatacaqlar və alimin qisası alınacaq. İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif məkrli aktın arxasında İsrailin olması ilə bağlı güclü dəlillər olduğunu söyləyib. Rəsmi Təl-Əviv isə ittihamı qəbul etməyib. 

Məlumat üçün əlavə edək ki, Möhsün Fəxrizadə 2010-cu ildən bəri sui-qəsdə məruz qalmış nüvə fizikası sahəsində çalışan 6-cı İran alimidir. 6 alimin hamısı odlu silahdan açılan atəşlə və ya partlayıcıdan istifadə etməklə qətlə yetirilib.

Alimlərin qətli avtomobildə gedərkən baş tutub. Detallar göstərir ki, nüvə proqramı sahəsində çalışan alimlər ölkənin daxilində izlənərək planlı şəkildə öldürülüblər. Fiziklərin qətlə yetirilməsi 10 il əvvəl başlasa da, İran təhlükəsizlik xidmətləri bugünədək onların qorunması yollarını təmin edə bilməyib. 



İranlı fizikin qətli ilə bağlı “Şərq”ə danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, harada, kimə qarşı baş verməsindən asılı olmayaraq, istənilən terror aktı pislənməlidir. Partiya rəhbərinin sözlərinə görə, terror hadisələri həm beynəlxalq hüquqa, həm də humanizmə ziddir:

“Möhsün Fəxrizadə nüvə tədqiqatlarının başında duran adam idi. Bundan öncə də İranın bir sıra alimləri, fizikləri süi-qəsdə məruz qalıb. Ümumiyyətlə, dünyada bir sıra önəmli araşdırmalarla məşğul olan alimlərin qətlə yetirilməsi, oğurlanması halları mövcuddur.

Məhz bu cür metodlarla mühüm projelərin reallaşmasının qarşısını almağa çalışıblar.

İkinci Dünya müharibəsində məşhur fizik Albert Eynşteyn də ölüm təhdidlərindən dolayı ABŞ-a getməyə məcbur qalmışdı. Türkiyəyə məxsus “Aselsan” şirkətinin bir neçə mühəndisi də qətlə yetirilmişdi. Bəzi ölkələrdə, xüsusən islam dövlətlərində texniki yeniliklər əldə edən alimlərə qarşı terror aktları arzuolunmaz ənənəyə çevrilib.

Görünür, bu da həmin sferada rəqabətin bir formasıdır. Lakin iranlı alimi konkret hansı qüvvələrin qətlə yetirdiyini söyləmək çətindir. Düzdür, İsrail ənənəvi olaraq İranda nüvə başlıqlarının hazırlanmasına qarşı çıxır, amma ortada dəqiq fakt olmadan bir ölkənin suçlanması düzgün olmaz”.