Ukrayna hərəkətlənib

MDB məkanında separatizm hərəkatlarına qarşı bir mübarizə başlaya bilər

Azərbaycanın zəfəri postsovet məkanındakı digər separatçı rejimlərə sos siqnalı oldu

Separatizmdən əziyyət çəkən ölkələrdən biri də Ukraynadır. Ukraynın Krım ərazisinin Rusiya tərəfindən ilhaq edilməsi və Donetskdə qondarma “respublika” qurulması rəsmi Kiyevi də ərazi bütövlüyü problem ilə üz-üzə qoyub. Uzun müddət sonra Ukrayna dövləti separatçılara qarşı hərəkətə keçib. Ordu Mariupol istiqamətində irəliləyərək, separatçıların bir neçə mövqeyini ələ keçirib. Separatçı “respublika”nı Mariupolda bir neçə istiqamət üzrə məğlub edən Ukrayna ordusu Vodian və Ujovk yaşayış məntəqələrini də terrorçulardan təmizləməyi bacarıb.

Əslində Donetskin Ukraynanın tərkib hissəsi olduğunu Rusiyanın özü də inkar etmir. Astana və digər görüşlərdə Donetsk probleminin həlli yolları müzakirə olunurdu. Lakin bu danışıqlar Ukraynanın maraqları çərçivəsində yerinə yetirilmirdi. Siyasilərə görə, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə Ukrayna rəsmilərinə motivasiya olub. Hadisələr digər MDB ölkələri üçün də domino effekti ola bilər. Diqqət etsəniz, Moldovanın yeni seçilən xanım Prezidenti Maya Sandu hakimiyyətə gələr-gəlməz ilk növbədə Dnesteryanı bölgə məsələsini qabartdı. Gürcüstanda da bənzər şəkildə Cənubi Osetiya və Abxaziya məsələlərində aktivlik müşahidə olunur.

Ukraynanın son aylarda Donetsk sərhədinə qoşunları cəmləməsi, Türkiyə ilə hərbi müqavilələr imzalaması ondan xəbər verir ki, MDB məkanında separatizm hərəkatlarına qarşı bir mübarizə başlaya bilər.

Bəzi politoloqlar isə hesab edirlər ki, Ukrayna və Donetsk separatçıları arasında hazırda mövqe döyüşləri gedir və irimiqyaslı əməliyyatlar aparılmır. Kiyevdən də vurğulanır ki, Ukrayna tərəfi hazırkı mərhələdə sadəcə, üstünlüyü ələ almaq niyyətindədir. 



“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Azərbaycanın işğalçı Ermənistanla apardığı 44 günlük müharibə nəticəsində qondarma “Dağlıq Qarabağ Respublikası” məhv oldu. Analitikin sözlərinə görə, Azərbaycanın zəfəri postsovet məkanındakı digər separatçı rejimlərə sos siqnalı oldu:

“Ölkəmiz bu prosesi başladan tərəf kimi tarixə düşdü. Məhz Qarabağ hadisələrindən sonra Abxaziyanın “prezidenti” tələsik Rusiya rəhbəri Vladimir Putinlə görüş keçirdi. İndi Ukrayna da prosesi davam etdirməyi düşünür. Qarabağ müharibəsi və Azərbaycanın möhtəşəm qələbəsi sayəsində separataçı rejim tarixin zibilliyinə getdi.

Bütün qondarma rejimlər üçün mürəkkəb dönəm başlayır. Kiyevlə qondarma “Donetsk Respublikası” arasındakı qarşıdurma Moskvanın diqqətini həmin bölgəyə çəkəcək və Kremlin başını qatacaq. Nəticədə Azərbaycanın Qarabağda manevr imkanları artacaq. Dekabrın 1-də Laçın təhvil veriləcək, sonra Dağlıq Qarabağdakı dörd rayonumuzla bağlı məsələlər həll olunmalıdır. İnşallah, həmin rayonlarımızda qısa müddətdə Azərbaycan bayrağı dalğalanacaq”. 

Ə.Məmmədli xatırladıb ki, Tovuz təxribatında və İkinci Qarabağ savaşı başlayanda Azərbaycan tərəfi çox təmkinli hərəkət edirdi. Daha çox əks-hücum əməliyyatlarından, təxribatların qarşısının alınmasından, düşmənin susdurulumasından danışılırdı. Amma Azərbaycan Ordusu öz işini görürdü:

“Yəni hadisələr zamanı verilən rəsmi bəyanatlar deyil, reallıqda baş verənlər önəmlidir. Ukrayna rəsmilərinin “məqsəd üstünlüyü ələ almaqdır” kimi bəyanları doğrudur. Reallıq odur ki, ordu separatçılara qarşı ciddi mübarizə aparır.

Hərbi əməliyyatların genişmiqyaslı müharibəyə çevriləcəyini söyləmək hələlik çətindir. Çünki bizdən fərqli olaraq, ukraynalıların qarşısındakı ermənilər yox, məhz Rusiyadır”.