Şəhid tankçının SON ZƏNGİ: “İstədim səsinizi eşidim, səsimi eşidəniz...”

“Elə bil, nə isə ürəyinə damıbmış kimi, zəng etmişdi. Dedi ki, dünyanın işini bilmək olmaz”


Qırx dörd günlük Vətən müharibəsi təkcə Azərbaycanın şanlı qələbəsi yox, həm də milli qürurumuzun simvolu oldu. Əl-ələ verərək tarixi ədaləti bərpa etdik. Əlbəttə, bu uğurda ən böyük pay sahibləri məhz şəhidlərimiz oldu. Onlar canları, qanları hesabına hər qarış torpaqımızı geri aldılar. Döyüşlərdə vətənin talayindən başqa heç nə düşünməyən igidlərimizdən biri də tankçı, MAXE Anar Hüseynov Hüseyn oğlu idi.

İki övlad atası olan cəsur döyüşçü Füzulidə gedən hərbi əməliyyatlar zamanı əbədi dünyanı qazanmağa, ən ali qata yüksəlməyə nail olub. Odur ki, biz də “Sherg.az” olaraq qəhrəmanlarımızı ictimaiyyətimizə tanıtdırmaq, onun ruhunu şad etmək məqsədilə qardaşı Mahir bəylə söhbətləşdik. Həmsöhbətimiz şəhidimizin həyatı və hərbi karyerası barədə danışdı: 

“1982-ci il oktyabrın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 2000-ci il oktyabrın 12-də hərbi xidmətə yollanıb. 2002-ci il aprelin 5-də çavuş rütbəsi ilə xidmətini başa vurub. 2015-ci ilin iyul ayında N saylı hərbi hissədə çavuş rütbəsi ilə tankda sürücü-mexanik vəzifəsində işləyib. 2019-cu ildə işi Beyləqan rayonunun N saylı hərbi hissəsinə dəyişdirilib”.



 M.Hüseynov qardaşı ilə son telefon danışığını da xatırladı:

 “Yaxşı tankçı idi. Xidməti dövründə bir neçə diplomla təltif olunmuşdu. Elə ona görə də müharibə başlayanda Füzuliyə apardılar. Hərbi əməliyyatlar başlayandan bir gün sonra, yəni sentyabrın 28-də şəhid oldu.

Elə bil, nə isə ürəyinə damıbmış kimi, zəng etmişdi. Demişdi ki, istədim səsinizi eşidim, səsimi eşidəniz. Dünyanın işini bilmək olmaz”.
Qeyd edək ki, şəhidimizin qayını MAXE Məmmədov İsmət Cəlal oğlu da hazırda ön xəttə tankçı kimi xidmət aparır. Onun fotolarından ibarət videoçarxı təqdim edirik: