Kamil daha bir şəhiddən yazdı: “Döyüşdən sonra sənə...”

İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan xanəndə Xudayar Yusifzadə hər kəsin yaddaşında silinməz izlər qoyub. 22 yaşlı gizirin “Vətən yaxşıdır” mahnısını ifa edərkən çəkdiyi video hələ də sosial şəbəkələrdə paylaşılır, onun haqqında xoş sözlər yazılır.

Bu gün tanınmış məşqçi Kamil Zeynallı da Xudayardan yazıb. O şəhidlə birgə fotosunu paylaşaraq, onunla xatirələrini yada salıb.
“Sherg.az” xəbər verir ki, idmançı kövrək notlara toxunaraq döyüş zamanı X.Yusifzadə ilə söhbətlərindən bəhs edib:

“Xudu, Allah sənə rəhmət eləsin, əziz qardaşım. Sabah dünyadan köçməyindən 40 gün keçir. Bərdəyə gəlib, ocağını, məzarını ziyarət edəcəm. Çox pisəm, sabah səni məzarda görəcəm.


Biz oturub söhbət etdik, musiqidə sənə dəstək olacaqdım. Arada snayperlə nə qədər düşmən vurduğundan danışırdın.

Deyirdin, yorulanda başqa silah götürərsən. Sonra yadındadırsa, söhbət zamanı düşmən tərəfindən mərmi atıldı, oturduğumuz yerdə başımızı tutduq. Mərmi gəlib, kənara düşdü. Zarafatlaşaraq dedik ki, həmişə belə  “kasoy” atmısız.

Danışdıq, güldük…Sənin insanlığının gözəlliyini necə yazım, izah edim bilmirəm. Sən başqa insan idin. Hətta hardasa mühafizəçi kimi işlədiyini söyləyirdin. Döyüşdən sonra sənə iş tapmaq barədə də danışdıq.

Çox heyf.. Sabah, gəlib, səni məzarda görəcəyimə inana bilmirəm. Xudu, sən yaşayırsan, əziz qardaşım”.