Naxçıvan dəhlizi: Azərbaycanın qarşısında çox geniş dünya açılacaq

Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində çox mühüm məqamlara toxunub. Dövlət başçısı noyabrın 10-da imzalanan kapitulyasiya şərtlərinin tələblərinin yerinə yetirilməkdə olduğunu bildirib: 

“Bəyanatın doqquzuncu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu sözügedən məddənin yerinə yetirilməsinin əhəmiyyəti barədə “Sherg.az”a danışıb: 

“Bu, çox böyük tarixi hadisədir. Türkiyə ilə əlaqələrimiz daha da möhkəmlənəcək, qardaşlığımız yeni zirvəyə yüksələcək. Bu zirvədə isə həm siyasi, həm iqtisadi, həm sosial məqamlar olacaq. 

Həmçinin Orta Asiyadakı türk xalqlarının tarixi zirvəyə gedən yola qoşulmaq imkanı yaranacaq. Beləliklə, mədəni, iqtisadi əlaqələrimiz inkişaf edəcək. 
Eyni zamanda qardaş ölkə ilə fiziki məsafəmiz də yaxınlaşacaq.

Məlumdur ki, 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yaradılanda Naxçıvanı Azərbaycandan ayırmaq məqsədilə Mehri körpüsü Ermənistana verilmişdi.

Amma belə bir şərt var idi ki, bu dəmiryolundan Azərbaycan istifadə edəcək. Sonradan ermənilər şərti pozaraq dəmiryolunu mənimsədilər və beləliklə, əlaqəmiz kəsildi. Amma indi tarixin ədaləti bərpa olundu. Bundan sonra Azərbaycanın qarşısında çox geniş dünya açılacaq”.

N.Yaqublu, həmçinin Azərbaycanın tarixi qələbəsindən də danışıb: 

“Fikrimcə, gənc nəsillər bu dövrü tariximizin qızıl səhifələri kimi xatırlayacaqlar. Əlbəttə, belə də olmalıdır.
Çünki itirilmiş ərazilərimizi geri aldıq və bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin xidmətləri sayəsində mümkün oldu.
Sentyabr 27-dən sonra bizdə qalib insan ruhu formalaşdı. İndi bütün Azərbaycanın zəfər yürüşündən, hərb dərsliklərinə düşəcək Şuşa əməliyyatından danışır. 

Biz qalib, məğrur xalq kimi planetin nəzər nöqtəsindəyik. Naxçıvanla quru yolunun birləşməsi, dəmiryolu xəttinin uzun müddətdən sonra bərpası Azərbaycanın mövqelərini daha da gücləndirəcək”.