Köçkünlərin yurda qayıdışı: "...Sönmüş ocaqlar alovlansın”

Prezident İlham Əliyev Laçın rayonun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Ölkə başçısı çıxışında bir sıra mühüm məqamlara toxunub. O həmçinin məcburi köçkünlərin yurdlarına qaytarılması məsələsindən də danışıb. Ali Baş Komandan qeyd edib ki, ilk növbədə biz laçınlıları Laçına qaytaracağıq:


“Laçın işğal olunanda bu rayonda 50 mindən çox adam yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb.  Əlbəttə, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilən bütün digər rayonlarımıza tezliklə qaytaraq”.

Prezident bu sözləri ilə 1 milyon məcburi köçkünün ürəyinə su səpib, onları fərəhləndirib.

Ölkə başçısının səsləndiridyi fikirlər  haqqında “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov mövzu ilə bağlı bunları söyləyib:

“Bütün məcburi köçkünlərimiz, o cümlədən laçınlılar ən qısa zamanda  yurd-yuvasına qovuşacaq. Onlar 27-28 ildir o günlərin arzusu ilə yaşayıb. Allah  qismət eləsin, doğma torpaqlarına gedib, sönmüş ocaqlarını yenidən yandırsınlar.

O zaman şəhidlərimzin, ulularımızın da ruhu şad olacaq. Laçınımız da azad edildi və beləliklə, Azərbaycanın ərazi bütovlüyü təmin olundu.

Bundan sonra müəyyən prosedurlar – yol, infrastruktur və təhlükəsizlik məsələləri həllini tapacaq. Bu işlər növbəli və paralel şəkildə həyata keçiriləndən sonra məcburi köçkünlər qayıdacaqlar.

Onu da deyim ki, ilk gündən-sentyabrın 27-i ermənilərə zərbə vurduğumuz andan etibarən qaçqınlar yurdlarına qovuşmağın arzusu ilə yaşayır. Həmçinin işğaldan azad edilən ərazilərdə bərpa işlərinə də başlanılıb.

Yol, rabitə, nəqliyyat, su, qaz və enerji məsələlərinin təmin edilməsi istiqamətində işlər görülür. O cümlədən ANAMA da təhlükəsizlik tədbirlərini həyata keçirir”.