İtaliyanın daha bir bələdiyyəsi Azərbaycana dəstək oldu

İtaliyanın Milan şəhərinin Korbetta Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırım siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib.

Bu barədə öz “Facebook” səhifəsində məlumat yayan Korbetta bələdiyyəsinin meri Marko Ballarini bildirib:

“Dünən axşam Korbetta Bələdiyyə Şurasında bələdiyyənin ən böyük siyasi qrupu olan “Viviamo Corbetta”nın təklifi ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət adlı sənəd qəbul olundu. Bu sənədlə biz bölgədə sülh və hörmətin bərqərar olması üçün tərəflərin BMT-nin müvafiq qətnamələrinə və 10 noyabr tarixində imzalanmış bəyanatdan irəli gələn öhdəliklərə əməl etməsini istəyirik. Nəhayət ki, bu müharibənin sona çatması anı yetişib”.

Sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20 faiz ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

Sənəddə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.

Sənəddə 27 sentyabr tarixindən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri və mülki şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir və bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

Qeyd edək ki, bundan öncə oxşar sənədlər İtaliyanın Kataniya şəhər Şurası, Neapol şəhərinin Ottaviano və Liveri bələdiyyələri, Kaserta əyalətinin Santa Maria a Viko, Draqoni, Qalluççio və Presenzano bələdiyyələri və Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri tərəfindən də qəbul edilib.

Habelə, İtaliya Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Bəyanatın müddəalarının yerinə yetirilməsinə çağıran qətnamə qəbul edib.