BDU bayrağı təhqir edən tələbə ilə bağlı qərar verdi


Bu gün Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Elmi Şurada BDU-nun elmi işçiləri cari məsələlər sırasında Bakı Dövlət Universitetindən xaric edilmiş Məhəmmədov Pərviz Əlipənah oğlunun müraciətini nəzərə alaraq BDU rektorunun müvafiq əmri ilə yaradılmış Komissiyanın qərarı da müzakirə ediblər.

Komissiya qərarında BDU Mexanika-riyaziyyat fakültəsinin birinci kurs, dövlət hesabına əyani formada təhsil alan tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olub, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar etdiyini qeyd edib.

Edilən xəbərdarlıqlara baxmayaraq, Məhəmmədov Pərviz Əlipənah oğlu 23 noyabr 2020-ci il tarixində onlayn dərs prosesini nümayişkaranə şəkildə yenidən pozub, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər edib. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Məhəmmədov Pərviz Əlipənah oğlu Universitet tələbələri sırasından xaric olunub.

Bir müddət sonra Məhəmmədov Pərviz Əlipənah oğlu ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu bildirmiş və bağışlanmasını xahiş edib. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edərək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, Universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bildirib.

Bundan sonra Universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına kömək edilməsini BDU rektorundan xahiş edib.

Komissiya  məsələni yenidən araşdırmış, tələbənin Azərbaycan Bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitinin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq Məhəmmədov Pərviz Əlipənah oğlunun Universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış edib.

Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılıb. Şura üzvləri məsələni geniş müzakirə edib və Komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab edib.

Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb.