Şərəfli tarix yazdıq

Qəhrəman Xalq və Qalib Ordu titulunu əbədi qazandıq

"Laçının işğaldan azad olunması ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesi tam başa çatdı. Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi, şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsini böyük qələbə ilə başa vurduq. Cəmi 44 günə işğalçı ordunu darmadağın edərək Ermənistanı hərbi kapitulyasiya aktına imza atmağa məcbur etdik. Nəticədə Ağdam, Kəlbəcər və Laçın kimi strateji əhəmiyyətli rayonlarımız itkisiz olaraq işğaldan azad edildi və Azərbaycan bütövləşdi". 

Bu sözləri millət vəkili Azay Quliyev deyib. O qeyd edib ki, bir ölkənin işğal altında olan ərazilərinin bir qismini döyüş meydanında düşməni məğlub etməklə, yerdə qalan hissəsini isə ultimatum və kapitulyasiya yolu ilə azad etməsi dünya hərb tarixində çox nadir, oxşar münaqişələrin həllində isə ilk hadisədir:

"Nəhayət, Azərbaycan millətinin əyilmiş qəddi düzəldi, "məğlub xalq" və "döyüşməyi bacarmayan ordu" tənəsindən xilas olduq! Qəhrəman Xalq və Qalib Ordu titulunu əbədi qazandıq!

Şərəfli tarix yazdıq, tarixin gedişini dəyişdik, bütün dünyanı bizimlə hesablaşmağa və bizə hörmət etməyə məcbur etdik. İndiyə kimi vətən uğrunda qanı axıdılan bütün şəhidlərimizin qisasını düşməndən misli ilə aldıq. Bu tarixi hadisənin müəllifi, bu şərəfli tarixin memarı Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevdir, Azərbaycan xalqıdır, Azərbaycanın qəhrəman ordusudur".