"Koronavirus testinin neqativ çıxması xəstə olmamağınız demək deyil" - ALİM DANIŞIR

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev son günlər vətəndaşlar arasında COVID-19 testlərinin nəticələri ilə bağlı şübhə doğuran məlumatlara münasibət bildirib.
Bununla bağlı Lent.az -a açıqlama verən azərbaycanlı alim bildirib ki, insanlar arasında doğru götürülən test nəticələrinə şübhələrin əsası var və bunun dəqiq elmi cavabları da mövcuddur:

"Mən niyə görə doğru götürülən dedim? Çünki texniki olaraq doğru götürülməyən testlərdən danışmağın mənası yoxdur və onların nəticələri onsuz da doğru deyil. Amma texniki cəhətdən doğru götürülən testlərin cavablarına olan şübhələrin əsasına nümunə ilə aydınlıq gətirmək mümkündür.

Məsələn, bir insan həqiqətən yeni növ koronavirus infeksiyası xəstəsidir, bütün simptomları var. Hətta öskürür, test verir və nəticəsi neqativ çıxır. Sonra da həmin insan deyir ki, götürülən testlər yanlışdır, çünki mənim xəstəliyimə "yox" dedi, halbuki mən xəstəyəm. Daha sonra müalicə həkimini də bir az “çaşdırır”, müalicə həkimi KT (kompüter tomoqrafiyası) tövsiyə edir. KT-də isə COVID-19-a tipik dəyişikliklər görünür və xəstəyə COVID-19 diaqnozu qoyulur. Bu dəfə xəstədə testə qarşı daha da inamsızlıq yaranır”.

N.Abdullayev qeyd edib ki, həmin insanlar başa düşməlidirlər ki, virusun çoxalması artıq boğazda sona çatıb və ağciyərlərə enib:

“Ona görə də boğazdan götürülən testin cavabı da neqativ çıxır, çünki boğazda aktiv virus qalmayıb. Amma indi bu, o anlama gəlməməlidir ki, hər kəs birbaşa KT elətdirməlidir”.

Tibb elmləri doktoru qan analizinin (PSR testlər) və ya KT-nin daha dəqiqliklə koronavirus aşkarladığı ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Qan analizi ilə verilən testlər anticismləri təyin edir. Bunu isə simptomların başlamasından sonra, minimum 3-6 həftə arasında etmək lazımdır. Bu zamandan öncə simptomları olan xəstədə edilən antigen testlərinin heç bir anlamı yoxdur. Onların informativliyinin doğru olmamaq şansı çoxdur.

KT isə virus artıq ağciyərlərə endikdən sonra daha çox önəmlidir. Buna görə də bildirmək istəyirəm ki, koronavirus testinin neqativ çıxması xəstə olmamaq demək deyil".