Moskvadan "Şərq"ə açıqlama: “Avropa "ofsayt” vəziyyətdə...”

“Avropa mətbuatı Azərbaycana qarşı “səlib yürüşü”nə başlayıb”

“Amma Qərbin Azərbaycana təzyiqi heç bir dəstək tapmayacaq”

Etiraf etmək lazımdır ki, Azərbaycanın qazandığı tarixi uğura heç də hər kəs sevinmədi. Dostlarımız bizi təbrik etdiyi kimi, özlərinə rəqib, hətta düşmən görənlər də nailiyyətimizə hər vəchlə kölgə salmaq istəyirlər. Çünki həsəd aparırlar, qələbəmizi “həzm edə” bilmirlər. Lakin həmişə olduğu kimi, bu dəfə də pislikləri, xəbislikləri özlərinə qalır və qalacaq.

Rusiyada yaşayan soydaşımız, politoloq, jurnalist Anar Həsənov “Sherg.az”a açıqlamasında bu məqam haqqında danışıb. Onun fikrincə, qara piar kampaniyaları fakt ortaya qoyulanadəkdir:

 “Məlum hadisələrdən sonra prezident İlham Əliyevin dünyada nüfuzu və xalqın ona inamı daha da artdı. Odur ki, Qərbin Azərbaycana təzyiqi heç bir dəstək tapmayacaq. Başqa sözlə desək, Avropa özünü “ofsayt” vəziyyətinə salıb. Zəngilan məscidlərindəki vəhşiliyin, Şuşa məscidinə düşən mərminin gündəmdə olmaması onu deməyə əsas verir ki, Qərb mətbuatı məlumatlandırmaqla, informasiya verməklə deyil, Azərbaycan əleyhinə fikir formalaşdırmaqla məşğuldur.

Daha konkret desək, Avropa mətbuatı Azərbaycana qarşı “səlib yürüşü”nə başlayıb. Biz parlaq qələbə qazandıq.  Bu, dövlət və xalq tandeminin nəticəsidir. Deməli, hansısa şübhələrə yer qalmamalıdır.

Prezidentin “Mən bilirəm nəyi nə vaxt etmək lazımdır” ifadəsi öz-özlüyündə hər şeyi edir. Azərbaycanla Ermənistan arasındakı vəziyyət də göz önündədir.

Bu dövlətlərin sosial həyatı, siyasəti, iqtisadiyyat bir-birindən 180 dərəcə fərqlənir. Elə isə niyə tərəddüd etməliyik? Düşmən “son güllələrini atır”. Dünən Laçını təhvil aldıq. Bundan sonra isə “təmizlənmiş” torpaqlarımızla daha sıx təmasda olacağıq”.