Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - RƏSMİ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev məlumat verib. 
Onun sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov hazırda öz vəzifəsinin başındadır:
“Kütləvi informasiya vasitələrində generalın vəzifəsindən azad edildiyi, yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyinə dair yayılan məlumatlar əsassızdır”.
Xatırladaq ki, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilirdi ki, Daxili İşlər naziri, general - polkovnik Vilayət Eyvazovun əmri ilə R. Zeynalov tutduğu vəzifədən azad edilərək yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.