Beynəlxalq ekspertlər çağrılacaq ! - “Azərbaycana dəyən ziyan hesablanacaq”

“Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verəcək”

“Qiymətləndirilmə aparılacaq, ekspert rəyləri veriləcək. Bütün işlərin nəticəsində kompensasiya məsələsinə baxılacaq”

“Beynəlxalq metodologiyaya uyğun olaraq dəymiş ziyanın məbləği müəyyənləşdiriləcək və bunu Ermənistan ödəyəcək”


Prezident İlham Əliyev 1 dekabr 2020-ci il tarixində xalqa müarciət edib. Ölkə başçısı çıxışı zamanı bir sıra vacib məsələlər haqqında danışıb. Ali Baş Komandan  illərdir işğalda olan torpaqlarımızda düşmənin dağıntılar, vəhşi əməllər törətdiyini söyləyib. Ölkə başçısı,  həmçinin azad edilmiş ərazilərə xarici jurnalistlərin dəvət olunduğunu da bildirib:
“Beynəlxalq media erməni vəhşiliyinin nəticələrini, bu müddət ərzində Kəlbəcəri nə günə qoyduqlarını işıqlandırır. Vəhşilər kimi gedib hər tərəfi söküb, talayıb, meşələri yandırıb, kəsiblər. Özlərini burada, necə deyərlər, əsrlərboyu yaşamış xalq kimi təqdim edirdilər. Əsrlərboyu orada yaşamış xalq heç vaxt belə etməz, bu vəhşiliyi törətməz. Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər, daşı daş üstündə qoymayıblar. Ancaq bizim torpaqlarımızı istismar ediblər”.

Prezident onu da qeyd edib ki, Ermənistan törətdiyi bütün cinayətlərə görə cavab verəcək. Artıq bu istiqamətdə hüquqi müstəvidə addımlar atılır.



Məsələni “Sherg.az”a dəyərləndirən “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra dəhşətli mənzərənin şahidi olduq:

“Sanki o bölgələrdə heç insan yaşamayıb. Erməni faşistlərinin torpaqları yandırması orta əsrlərdən qalma bir üsuldur. Faşist Almaniyası da İkinci Dünya Müharibəsində bu metoda əl atıb. Onu da deyim ki, həmin ərazilər əsasən meşə sahələridir.

Orda qiymətli ağaclar var. Məsələn, Zəngilanda Eldar şamı ağaclarından ibarət meşəlik 12 kilometr uzanır.  Həmçinin Kəlbəcərdə qiymətli ağaclardan ibarət meşələr var ki, bu da 24 kvadrat kilometr ərazini əhatə edir. Gördük ki, oraları yandırıblar. Sərvətlərimizi talan edib, həm Ermənistana aparıblar, həm də başqa ölkələrə satıblar.

Şübhəsiz ki, ölkə başçısı tərəfindən ziyanın qiymətləndirilməsi ilə bağlı komissiya yaradılıb. Onun tapşırıqlarından biri də beynəlxalq ekspertlərin çağrılması, bu proseslərə cəlb edilməsidir. Qiymətləndirilmə aparılacaq, ekspert rəyləri veriləcək. Bütün işlərin nəticəsində kompensasiya məsələsinə baxılacaq”.

Mütəxəssis diqqətə çatdırıb ki, beynəlxalq hüquqda ziyanın geri qaytarılmasının bir neçə üsulu var:

“Birincisi, “restitusiya” adlanır. Bu, əvvəlki vəziyyətin bərpa edilməsi ilə bağlı məsələdir. Lakin bizdə “restitusiya” baş verməyəcək. Çünki onlar həmin əraziləri əvvəlki vəziyyətə heç bir halda qaytara bilməyəcəklər. Orda yalnız əvvəlki vəziyyətə qaytarılma proseduru muzeylərə aid ola bilər. Qarabağda xeyli sayda muzeyimiz olub.

Şuşada 7 muzeyimiz var idi. Eyni zamanda Kəlbəcərdəki, Laçındakı muzeyləri misal göstərmək olar. Orda 10 minlərlə eksponat olub ki, onları oğurlayıblar. Bunların geri qaytarılması uğrunda  mübarizə aparmalıyıq. İmzalanacaq sülh müqaviləsində bu məsələlərin irəli sürülməsi vacibdir. Dağıdılmış ərazilər üçün də kompensasiya məsələsini qaldıra bilərik. Təzminatın məbləği də çox olmalıdır.Yalnız məhv edilmiş obyektlərin, yeraltı sərvətlərin  qiyməti deyil, digər inzibati binaların zərəri də bura aid edilməlidir.

Onu da qeyd edim ki, bu 27 il ərzində  həmin torpaqlardan böyük məbləğdə gəlir götürə bilərdik. Lakin qazancdan məhrum olduq. Bununla bağlı məsələləri də təzminata daxil etmək olar. Söhbət 100 milyardlarla vəsaitdən gedir. Əvvəlki illər müəyyən hesablamalar oldu. Məsələn, 2017-ci ildə 818 milyard dollar dəyərində məbləğ hesablanıb”.

Ekspert bildirib ki, bütün qiymətləndirmələr beynəlxalq səviyyədə aparılacaq:

“Beynəlxalq metodologiyaya uyğun olaraq dəymiş ziyanın məbləği müəyyənləşdiriləcək, və bunu Ermənistan ödəyəcək.  Başqa bir üsul da var. Avropa məhkəməsinin  33-34-cü maddələrinə əsasən həm fərdi şəxslər, həm də dövlət özlərinə dəyən maddi zərərlə bağlı digər dövləti şikayət edə bilər. Konvensiyanın müəyyən etmiş hüquqlarından birində pozulma olursa, bu zaman həm dövlət, həm də vətəndaşın məhkəməyə müraciət etməsi mümkündür. Bir də Ermənistana qarşı 2015-ci ildə Avropa məhkəməsinin  qərarı oldu. Burda bir neçə mühüm məsələ öz əksini tapdı. Onlardan biri də Ermənistan terrorçularının Azərbaycanın işğal edilən torpaqlarına nəzarət etməsi idi. Bu da Ermənistanın işğalçı siyasətini sübut edən faktdır. Həm də bu nəzarət davamedici xarakter daşıyıb. Bizə əsas verir ki, Azərbaycan dövləti də, vətəndaşı da Avropa məhkəməsində çıxış etsin”.

Ə.Nuriyev söyləyib ki, Azərbaycan 27 sentyabrda başlayan müharibə müddətində dəyən ziyanı da təzminata daxil edə bilər:

“Mülki vətəndaşlarımızın həlak olması, Gəncəyə, Bərdəyə hücumları da irəli sürmək olar. Həmçinin döyüşdə həlak olan əsgər və zabitlərimizi sənəddə qeyd edə bilərik. Çünki onlar torpaqlarımızı işğaldan azad edərkən şəhid olublar.

Hər halda ekspertlər bu barədə də işlər görəcək. Eyni zamanda müharibəyə çəkdiyimiz xərcləri da daxil etmək mümkündür. Ermənistan imzaladığı üçtərəfli bəyanatda  işğalçı olduğunu göstərdi.

Həmçinin düşmənin hərbi, siyasi şəxslərinin bütün bəyanatlarında işğalçı siyasətləri etiraf olunur. Bizim ərazilərimizə qoşun göndərmək, bununla bağlə əmrlərin verilməsi işğalçı əməllərinin sübutudur.

Gözlə görünən, danılmaz faktlardır. Azərbaycan tərəfi bu məsələ istiqamətində hərəkətə keçib.Əminəm ki, ölkə başçısının əmrlərinə uyğun olaraq konvensiya hazırlanıb, beynəlxalq ictimaiyyətə, Avropa məhkəməsinə veriləcəkdir”.