Ermənistan hökumətində ikitirəlik: “Post- Paşinyan dövrü barədə düşünürlər”

“Burada aparıcı siyasi qüvvələrin də rolu var. Onlar milli barışıq hökumətinin yaradılmasını istəyirlər”

“Hökumətin kimlərdən ibarət olacağı da təxmini məlumdur. Keçid hökumətinin Rusiyapərəst siyasət yeridəcəyi heç kimə sirr deyil”

“Baş verə biləcək prosesləri Qərb yaxşı görür və bunun reallaşmaması naminə baş naziri dəstəkləyir”


Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın istefasının vacibliyini bildirib. Bu barədə A.Sarkisyan Rusiyanın Ermənistan icmasının nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, Ermənistan çətin böhran vəziyyəti ilə üzləşib:
"Belə böyük bir faciənin baş verdiyi hər bir ölkədə bir həll yolu var: buna səbəb olan hökumət getməlidir. Siyasətçi güclüdürsə, sonra geri qayıda bilər. Əvvəlki seçkilər 2,5 il əvvəl keçirilib, o zaman ölkə tamamilə fərqli idi, indi fərqli bir ölkədə yaşayırıq".

O qeyd edib ki, bu, bir ölkənin, bir dövlətin deyil, bir xalqın böhranıdır - psixoloji, maliyyə, iqtisadi, humanitar böhrandır.
Üstəgəl, bir müddət əvvəl Ermənistanda tanınmış şəxslər- rejissor Mher Mkrtçyan, prodüser Armen Qriqoryan və aktyor Hrant Toxatyan xalqa müraciət ediblər. Onlar hökuməti İkinci Qarabağ müharibəsində əsir və itkin düşən hərbçilərlə maraqlanmamaqda günahlandırıblar.

"Məlum oldu ki, Ermənistanda hökumət yoxdur. Müharibədə itkin düşmüş və əsir götürülənlərin geri qaytarılması, habelə ölən əsgərlərin qalıqlarının dəfn edilməsi prosesi ilə koordinasiyalı və məsuliyyətlə məşğul olan səlahiyyətli dövlət qurumu yoxdur. Bu taleyüklü məsələnin həlli üçün hər dəqiqənin qiymətli olduğunu başa düşürük. Həm də dərk edirik ki, problemin həlli harada yaşamasından asılı olmayaraq hər bir ermənidən asılıdır".
 Bütün bunlar Ermənistandakı daxili böhranın sürətləndiyinin bariz nümunəsidir. Başqa sözlə desək, Paşinyan hakimiyyətdə nə qədər çox qalmağa cəhd etsə də, “taxt” getdikcə çökür. 

 Politoloq İlqar Vəlizadə bu məsələ ilə bağlı fikirlərini “Sherg.az”la bölüşüb:

“Görünür, prezident artıq post- Paşinyan dövrü barədə düşünür. Əlbəttə, burada aparıcı siyasi qüvvələrin də rolu var. Onlar milli barışıq hökumətinin yaradılmasını istəyirlər. Hökumətin kimlərdən ibarət olacağı da təxmini məlumdur. Keçid hökumətinin Rusiyapərəst siyasət yeridəcəyi heç kimə sirr deyil. Sarkisyanın Moskvaya səfəri də dediyimiz məqama dəlalət edir. Baş verə biləcək prosesləri Qərb yaxşı görür və bunun reallaşmaması naminə baş naziri dəstəkləyir. Paşinyan isə ona verilən dəstəkdən istifadə edərək, müqavimət göstərir”.

 Qarşıdakı təxminən iki ayın Ermənistan baş naziri üçün çox kritik müddət olacağı hər kəsə aydındır. O, ABŞ-da Co Bayden hakimiyyət gələnədək devrilməməyə çalışır. Çünki bundan sonra işinin xeyli asanlaşacağını anlayır”

İ.Vəlizadənin fikrincə, erməni baş nazir istəyinə nail olacaq: 

“Bəli, Paşinyan hakimiyyətdə qalmağı bacaracaq. Baş nazir bütün resurslarını məhz bu istiqamətə sərf edir. Əlbəttə, tək başına olsa, siyasi səhnədən çoxdan “düşmüşdü”. Paşinyan nə qədər sadəlövh görünsə də, ona yardım edən qüvvələr var. Düzdür, özlərini göstərmirlər, ancaq belə qüvvələrin mövcudluğuna şübhə yoxdur.

Onların yerli təhlükəsizlik xidmətilə də əlaqələri var. Təsadüfi deyil ki, Paşinyanı devirmək istəyən qüvvələr dərhal zərərsizləşdirirlər, “açar” fiqurlar istefaya göndərilirlər. Deməli, baş nazir vəziyyətə nəzarət edir.

Dediyim kimi, özü heç kim olsa da, onu dəstəkləyənlər var. İkinci bir tərəfdən isə siyasi müxalifət o qədər “diş”sizdir ki, hətta belə xaotik situasiyada da hakimiyyət çevrilişi edə bilmir. Paşinyan isə bundan yararlanır”.