Umudov hər iki gözünü itirən QAZİni ziyarət edib: “Tarix yazdınız” - Video

Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, polkovnik-leytenantı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Vətən müharibəsində  minaya düşərək hər iki gözünü itirən Qarabağ qazisi Amil Əliyevə baş çəkib.
“Sherg.az”ın məlumatına görə, müzəffər Azərbaycan Ordusu ilə qürur duyduğunu diqqətə çatdıran DSX zabiti Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib:

“Başda Ali Baş Komandanımız, Prezident İlham Əliyev olmaqla ordumuz, xalqımız, hər bir Azərbaycan vətəndaşı sağ olsun. Hər birimiz cənab Prezidentin ətrafında yumruq kimi birləşdik və o birliyin, həmrəyliyin də nəticəsində qələbə qazandıq. Hər birimiz sizinlə fəxr edirik. Bir Azərbaycanlı kimi qürur hissi keçiririk ki, Azərbaycanın sizin kimi rəşadətli oğulları var. Qarabağımız bizdədir, suverenliyimizi bərpa etmişik.Torpaqlarımız işğaldan azad olunub. Cənab Prezident hər dəfə çıxışlarında sizin qəhrəmanlığınızdan danışır. Bizim şücaətli övladlarımız bir əlində bayraq, bir əlində silah döyüşə atılırdılar. Təlimlərə də, döyüş bölgəsinə də getdim və gördüm ki, hər bir əsgərin, hər zabitin üzərində Azərbaycan bayrağı var idi. Bayrağımız üçün  qanlar tökülüb, onun üçün qanımızdan, canımızdan keçmişik”. 

Beynəlxalq güləş yarışlarında bayrağımızın dalğalandırılğını vurğulayan F.Umudovun sözlərinə görə, əvvəllər içimizdə bir sınıqlıq var idi.  Torpaqlarımız işğal altında idi, tam, bütöv deyildik. Bizim idmançılarımız ölkəmizi təmsil edib, uğurlar qazanırdı.  Ancaq siz tarix  yazdınız, bizim arzumuzu, niyyətimizi yerinə yetirdiniz:

“Qarabağımız işğaldan azad olundu, Azərbaycan suverenliyini bərpa etdi. Bizim əzizimiz, canımız, ciyərimizsiniz. Bir şəhid, Qarabağ qazisi can qoyan hər bir övlad tək öz ailəsinin deyil, Azərbaycanının övladıdır. Valideynlərinizin qarşısında baş əyirik ki, belə vətənpərvər, dövlətini, millətini sevən övladlar böyüdüblər. Hər zaman yanınızdayam. Nəinki mənim hər bir Azərbaycanlının borcudur ki, sizin yanınızda olsun. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və xalqımızın iradəsi ilə bütün dünyaya necə qüdrətli ölkə olduğumuzu  sübut etdik. Bütün dünya bizim zəfərimizdən, qəhrəman oğullarımızın, ordumuzun döyüş bacarığından danışır. Güclü, inkişaf etmiş dövlətlər Azərbaycanın döyüş taktikasını müzakirə edir. Bütün bunlar məhz sizing, ordumuzun məharətidir. Vuruşmaq böyüklüklə, kiçikliklə olmur. 
Ürəklə döyüşə atılmaq nər oğulların işidir. Bir daha deyirəm ki, bu tarixi qələbə hər birimizi qürurlandırır. Hər zaman yanınızda olmaq, borcumuzdur”.