Laçının "vizit kart"ından biri Ağoğlan monastırıdır

Çünki tarixi mənbələr var, alban kilsələrinin arxitekturası fərqli olur

V-VII əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. 1992-ci ildə erməni qəsbkarları işğaldan sonra “Ağoğlan” məbədini özününküləşdirməyə başlayıb, məbədi təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazıları, həmçinin xeyli sayda alban dövrünə aid ornament və rəmzləri tamamilə silərək, formalarını dəyişdiriblər. Məbədin guya xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkidiblər.

Saxtakarlıqlarında daha da irəli gedən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaçdaşlar basdırıb, binanın fasadını söküb kirəmit və dəmirlə əvəzləyiblər. 2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırım siyasəti yürütdürdüklərini bir daha əyani şəkildə təsdiq ediblər.

Laçının "vizit kart"larından birinin Ağoğlan monastırı olduğunu qeyd edən millət vəkili Elnur Allahverdiyev vurğulayıb ki,  alban həvari kilsəsinə aid olan monastır işğaldan sonra erməniləşdirilməyə məruz qalıb.

E.Allahverdiyev qeyd edib ki, onun tavanı və xaçı dəyişdirilib:

"Bu məbəd Qafqaz Albaniyasından qalma xristian məbədidir. Məsələn, Ağdərə ərazisindəki Gəncəsər və Kəlbəcərdəki Xudavəng kimi. Bu məbədlər islam dininə aid deyil. Onun adını dəyişərək ermənilər “Tsitsernavank” qoyublar.

Problem budur ki, ermənilər Çar Rusiyası və SSRİ dövründən, habelə işğaldan istifadə edib onları erməniləşdirməyə çalışıblar.

Yazılar silinib və ya dəyişdirilib, xaç formaları və arxitektur quruluşunda da bir sıra dəyişiliklər ediblər.  Məsələn, Şuşadakı rus pravoslav kilsəsinin binasında ciddi dəyişiklik edərək, guya, erməni kilsəsi kimi təqdim ediblər. Bununla belə, nə qədər dəyişsələr də, həqiqəti gizlədə bilməzlər.

Çünki birincisi, tarixi mənbələr var. İkincisi, alban kilsələrinin arxitektur quruluşunun özünəməxsusluğu mövcuddur. Məsələn, Xocavəndin azad olunmuş hissəsində Ktişvəng monastırı var.

Onu ermənilər güman ki, pul yoxluğundan erməniləşdirməyə macal tapmayıblar. Ona görə də viran qoyublar. İçinə, divarlarına müxtəlif yazılar yazıblar. Yaxın vaxtlarda bunların hamısı dövlətimiz tərəfindən təmir etdiriləcək və dünyaya faktlarla, tarixi dəlillərlə nümayiş etdiriləcək".