"Türkiyə-İsrail münasibətləri normallaşır" - Azərbaycanın xeyrinədir !

Türkiyə İsrail ilə münasibətləri düzəltmək üçün bir müddət öncə kəşfiyyat orqanlarını işə salıb. Bu barədə məlumatı “Al Monitor” yayıb. Nəşr qeyd edib ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan israilli rəsmilərlə münasibətləri normallaşdırmaq üçün gizli görüşlər keçirib.
Mövzuya münasibət bildirən politoloq Əhəd Məmmədli qeyd edib ki, bir neçə ay bundan öncə Türkiyə-İsrail rəsmilərinin Qətərdə görüşü haqqında məlumat getmişdi. Politoloq bildirib ki, qardaş ölkənin İsrail kimi əməkdaşlıq tərəfdarları qazanılması müsbətdir: "Xatırladım ki, Türkiyə 2010-cu ildə İsrailin Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücumundan sonra Təl-Əvivdəki səfirini geri çağırıb. 2016-cı ildə rəsmi Ankara İsrailə yenidən səfir təyin edib.

Lakin İsrailin Qəzza bölgəsinə davamlı hücumları və ABŞ-ın səfirliyi Təl-Əvivdən Qüdsə köçürmə qərarından sonra 2018-ci ilin may ayında Türkiyə və İsrail qarşılıqlı olaraq səfirlərini geri çağırıblar. İndi isə onlar arasında münasibətlərin normallaşmasının çox müsbət olduğunu hesab edirəm. Çünki bir müddət əvvəl Qarabağ məsələsində Azərbaycanın Türkiyə-Rusiya və Türkiyə-İsrail arasında körpü rolu oynaya biləcəyi barədə demişdim.

Bu tarixi geostrateji vəziyyətdən, imkanlardan maksimum istifadə etsək Qafqazın siyasi-iqtisadi-hərbi, hər bir cəhətdən lider ölkəsinə çevrilə bilərik. Bu münasibətlərin normallaşması təbii ki, Azərbaycan üçün də müsbət nəticələr verə bilər. Fikrimcə, Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması Qarabağ məsələsində də Azərbaycanın xeyrinə rol oynaya bilər.

Çünki yəhudilər dünyanın bir çox müsəlman ölkəsindən fərqli olaraq burada tarix boyu çox təhlükəsiz şəraitdə yaşayıblar. Onlar Azərbaycanda özlərini daim təhlükəsiz hesab ediblər. Ümumiyyətlə, tarixən türk-yəhudi münasibətlərinə gəlincə, Osmanlı dövründə də yəhudilər həmişə azad yaşayıblar.

Avropada öz dinlərini gizlətməyə məcbur olan vaxtlarda Osmanlıda yəhudilər var idi. Fikrimcə, bu münasibətlərin normallaşması indiki zamanda Türkiyə, İsrailə və Azərbaycana təbii ki, çox lazımdır".