Türkiyə yalnız müşahidəçi obrazında yer almayacaq

Böyük ehtimalla Xankəndinə də türk ordusu yerləşəcək

Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalandı. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, vəzifə prinsipləri və texniki detallarla bağlı danışıqlar başa çatdığı üçün Mərkəz ən qısa müddətdə fəaliyyətə başlayacaq. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov Qarabağdakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçilərin olacağını deyib.

General Mərkəzin Azərbaycan ərazisində yerləşəcəyini söyləyib. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da məsələyə münasibət bildirib. XİN rəhbəri vurğulayıb ki, Türkiyə Azərbaycanın xahişinə əsasən regionda sülhü qorumaq və atəşkəsi monitorinq etmək üçün öz üzərinə vəzifə götürüb. Türkiyənin Milli müdafiə naziri Hulusi Akar isə məlumat verib ki, hazırda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır. Onun sözlərinə görə, qısa müddət ərzində Türkiyə heyəti Qarabağda nəzarət prosesinə başlayacaq: “Çox qısa bir müddətdə heyətimiz orada vəzifə başına keçəcək. Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsini birlikdə yerinə yetirəcək”. Nəzərə alaq ki, Türkiyə qoşunlarının bir hissəsi artıq Azərbaycandadır. Sadəcə müəyyən dəqiqləşmə işləri aparılır.

Həm də ola bilsin, dekabrın 1-nə qədər ona görə gözlənilib ki, ermənilər sonuncu rayondan da çıxsınlar və hansısa təxribata əl atmasınlar. Artıq Türkiyə qoşunlarının Azərbaycana, hətta Qarabağa gəlməsi üçün heç bir maneə qalmayıb. Ekspertlər də hesab edirlər ki, Azərbaycan qalib tərəf kimi üstünlüyündən maksimum istifadə etməli, bir an öncə Türkiyə hərbçilərinin ölkəmizə gəlişini reallaşdırmalıdır. 

Sabiq dövlət müşarivi, politoloq Qabil Hüseynli “Şərq”ə açıqlamasında vurğulayıb ki, Türkiyə ordusunun Azərbaycanda yerləşməsi tarixi zərurətdir. Siyasi şərhçinin sözlərinə görə, qardaş ölkənin hərbçiləri nəzarətçi missiyası ilə Qarabağın istənilən bölgəsində yerləşə, sərbəst müşahidələr apara bilər:

“Türkiyə 44 günlük qələbəmizin reallaşması və siyasi sənədə çevrilməsində indiyə qədər çox mühüm rol oynayıb, bundan sonra da önəmli missiyanı həyata keçirəcək. Türkiyə sadəcə Birgə Monitorinq Mərkəzində müşahidəçi obrazında yer almayacaq, eyni zamanda bütün proseslərin yaxın iştirakçısı olacaq.
Qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünün təminatçısı kimi erməni separatçılarının və onlara arxa duranların yenidən baş qaldırmasına, təxribat törətməsinə imkan verməyəcək. Böyük ehtimal Xankəndi şəhərində də türk silahlı qüvvələri yerləşəcək, buradan ermənilər yaşayan digər məntəqələrə nəzarət ediləcək”.

Q.Hüseynlinin qənaətincə, Türkiyə prosesləri nəzarətdə saxlamaq üçün müasir hərbi və texniki avadanlıqlara, modern cihazlara sahibdir:

“Xüsusi müşahidə PUA-ları gecə-gündüz Qarabağda obyektiv monitorinq aparacaq. Hər hansı təhlükə gördükdə rusları xəbərdar edərək bilavasitə özü riskləri aradan qaldırmaq üçün tədbirlər görəcək.

Ümumən, Türkiyə Silahlı Qüvvələri 10 noyabr bəyannaməsinin icrasında kənara çıxma halları müşahidə etdiyi təqdirdə ciddi reaksiya verəcək.

Bu isə regionumuzda sülhün, əmin-amanlığın bərqərar olması ilə yanaşı, həm də Azərbaycanın ərazi bütövlüyünün təminatı deməkdir”.