"Türkiyə burdadır, bizimlədir"

Əhməd Oruc: "Zamanla Rusiyanın Qarabağdan çəkiləcəyini düşünürəm"

"Türkiyənin olduğu yerdə heç kim yekəxana mövqeyini sərgiləyə bilməyəcək"

Ermənistan kapitulyasiyaya məcbur edildi və üç rayon heç bir itki verilmədən azadlığa qovuşdu. 1 dekabrda Laçının azad edilməsi ilə Azərbaycanın dövlət sərhədi bərpa olundu. Mühüm məqamlardan biri Qarabağda bundan sonra proseslərin necə cərəyan edəcəyidir. Artıq Qarabağda baş verənlər təkcə de-yure yox, həm də de-fakto Azərbaycanın daxili məsələsidir. Ermənistan tərəfindən atılacaq bir güllə dövlət sərhədinə müdaxilə deməkdir. İşğal dövründə Ermənistan Azərbaycana qarşı hücumlarını Qarabağda yaratdığı qondarma rejimin ayağına yazırdı.

Azərbaycanın Ermənistan ərazisinə adekvat cavabı bu ölkənin üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsini şərtləndirdiyi üçün Bakının əl-qolu bağlanırdı. Bundan sonra, Ermənistanın istənilən hücumu iki dövlət arasındakı qarşıdurma anlamına gələcək. Dövlət sərhədimizin bərpa edilməsi Qarabağda yaşayan ermənilərə heç bir statusun verilməyəcəyini təsdiqləyən daha bir faktdır.

Dövlət başçısının vurğuladığı kimi Qarabağdakı ermənilər Azərbaycan vətəndaşıdır və bərabərhüquqlu vətəndaş olaraq qanun qarşısında məsuliyyət daşıyacaqlar. Deməli, Qarabağdakı ermənilər təhlükə mənbəyi ola bilməyəcək. Bunun qarantı isə Azərbaycan Ordusu və Azərbaycan qanunvericiliyidir. Sonrakı dövrdə Azərbaycanın əsas prioriteti təhlükəsizlik məsələlərinin təmin olunması ilə bağlıdır.

Artıq bu istiqamətdə işlər gedir. Paralel olaraq azad edilmiş ərazilərdə infrastruktur qurulmalı, ölkədaxili və beynəlxalq aləmdə mühüm işlər görülməlidir. Ərazilər minalardan təmizlənməli, qoşunlarımız azad edilən rayonlara tam yerləşməlidir. Çalışmalıyıq ki, daha tez müddətdə və sülhməramlıların yerləşdiyi ərazilərdə də Azərbaycan qanunları işləsin. 



Gələcək prosesləri “Şərq”ə təhlil edən Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib ki, partiya sədri olaraq ilk gündən hökumətin müharibə qərarına, anti-terror əməliyyatına tam dəstək verib və dəstək bu gün də davam edir. Onun sözlərinə görə, əsas iki mərhələ geridə qalıb: “Birinci mərhələ 44 günlük müharibə və qazandığımız möhtəşəm qələbədir.

Ordumuz torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində qəhrəmanlıq dastanı yazdı. Təbii olaraq, Prezident, Ali Baş Komandanın qətiyyəti və mühüm fəaliyyəti də təqdir olunmalıdır. Yersiz mız qoyanları, dövlət başçısının gördüyü işə kölgə salınmasını qınayırıq. 10 noyabrda imzalanan üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçının güllə atılmadan boşaldılmasını çox yüksək qiymətləndiririk. Nəzərə alaq ki, sözügedən rayonların hərbi əməliyyatlarla azad olunması xeyli çətin olardı, həm də qış dövrüdür.

Dünyanın aparıcı dövlətləri, xüsusən Fransa kimi ölkələr məğlub Ermənistanı vəziyyətdən çıxarmaq üçün müxətlif yollara əl atırdılar. Xatırlayırsızsa, oktyabr ayında, BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla bağlı qətnamə qəbul etmək istəyirdilər ki, guya biz “soyqırım”a yol veririk və s. Bu cür cəhdlər fonunda üç rayonumuzun döyüşsüz geri qaytarılması böyük uğurdur.

Ümumiyyətlə, Qarabağın azadlığı, torpaqlarımızın işğaldan azad edilməsi bizim xəyallarımız idi. 30 ilə yaxındır bu xəyallarla yaşayırdıq. Allaha şükür olsun ki, möhtəşəm günlərə, tarixi anlara şahidlik etmək bizə nəsib oldu”. 

Ə.Oruc cəmiyyəti narahat edən bəzi məqamlara toxunub:

“Bir sıra məqamlar ictimaiyyəti narahat edir. Xüsusən, rus sülhməramlıların Qarabağda yerləşməsi müəyyən təşvişin yaranmasına səbəb olur. Ancaq əminliklə ifadə edirəm ki, heç kim narahat olmasın.

Çünki qardaş Türkiyə burdadır, bizimlədir. Rusiya tarix boyu bizə yuxarıdan aşağı baxırdı, Azərbaycanla istədiyi kimi davrana biləcəyini zənn edirdi.

Müharibədən əvvəl Prezident Vladimir Putinin açıqlamalarını yəqin ki, hamı xatırlayır. Putin “əgər Azərbaycan hərbi əməliyyatlara başlayarsa, çox böyük səhv etdiyini görər, dəhşətli hadisələr yaşanar ”tipli açıqlamalar verirdi. Rusiyanın XİN rəhbəri Sergey Lavrov isə deyirdi ki, “Azərbaycan özünü elə aparır, elə bil Dağlıq Qarabağ onun daxili məsələsidir”.

İndiki dönəmdə Rusiyanın sülhməramlı qismində prosesə cəlb olunması isə keyfiyyətcə dəyişiklik deməkdir. Digər tərəfdən Rusiyanın heç vaxt üzə-üzə gəlmək istəmədiyi Türkiyə Silahlı Qüvvələri Azərbaycandadır. Zamanla Rusiyanın Qarabağdan çəkiləcəyini düşünürəm. Yaxud ən yaxşı halda Türkiyə ilə birlikdə ortaq nəzarət funksiyasını bir müddət daha davam etdirəcək”.  

Partiya sədri qeyd edib ki, Naxçıvana Ermənistan üzərindən yeni dəhlizin açılması türk dünyasını birləşdirən yeni marşrut olacaq:

“Naxçıvan blokada vəziyyətindən çıxacaq. Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmiryolu xətti yaranacaq. Qonşu dövlətlər, İran, hətta Ermənistan da bundan istifadə edə biləcək. Həm də Cənubi Azərbaycanla bağlı məsələlər aktuallaşacaq. Proseslərin bu cür davam etdiyi bir dönəmdə fars rejimi cənublu soydaşlarımızı əvvəlki kimi əsarətdə saxlaya bilməyəcək.

Fikrimcə, hazırda ciddi götür-qoy edən Tehran rejimi yaxın günlərdə soydaşlarımızın bir çox problemlərini özü gündəmə gətirəcək və Azərbaycan dilinin dövlət dili olması məsələsini həll etməyə çalışacaq.

Regionda Türkiyənin rolunun güclənməsi bölgənin zülm görən, təzyiqlərə məruz qalan bütün xalqları üçün qurtuluş imkanı olacaq. Türkiyənin olduğu yerdə heç kim yekəxana mövqeyini sərgiləyə bilməyəcək”. 

Əhməd Oruc diqqətə çatdırıb ki, insanlarımızın tezliklə öz doğma yurdlarına qayıdışı təmin edilməlidir:

“Qarabağda tərksilah işinə ciddi diqqət yetirilməli, Türkiyə bu prosesə yaxından nəzarət etməlidir. Əgər regiondan Ermənistan Silahlı Qüvvələri çıxırsa, yerli ermənilər də mütləq tam silahsızlaşdırılmalıdır.

Bu, insanlarımızın Xankəndi və ətrafında təhlükəsiz yaşaması üçün vacib amildir. O cümlədən, Qarabağ və ətraf rayonlarda infrastrukturun yenidən qurulması üçün vahid dövlət proqramı qəbul olunmalı və burada ictimaiyyət nümayəndələri təmsil olunmalıdır.

Bu çox strateji və dövlət əhəmiyyəti kəsb edən bir məsələdir”.